İngiltərənin nəhəng futbol klubları bizimkilərin gözü ilə
09.10.2008 - 17:28
İngiltərənin nəhəng futbol klubları bizimkilərin gözü ilə
Bakı. Aqşin Əliyev - APA-Sport. “Beynəlxalq İdman Həyəcanı” proqramı çərçivəsində İngiltərə Premyer Liqasının 4 klubuna baş çəkmiş futbol mütəxəssislərimizdən ibarət nümayəndə heyətinin iştirakı ilə bu gün Azərbaycan Gənclər və İdman Nazirliyində (AGİN) mətbuat konfransı keçirilib. “APA-Sport”un məlumatına görə, tədbirə AGİN-in futbol sektorunun müdiri Nüvər Xasıyev, “Beynəlxalq İdman Həyəcanı” proqramının ölkə üzrə rəhbəri Mehman Kərimov, Təhsil Nazirliyi İxtisaslaşdırılmış Futbol Məktəbinin direktoru Fazil Eyyubov və AFFA-nın Uşaq və Gənclərin Tərəqqisi və Yarışların şöbəsinin müdiri Xalid Novruzov qatılıblar.

Öncə çıxış edən Mehman Kərimov rəhbəri olduğu proqramın mahiyyətindən danışıb. O bildirib ki, “Beynəlxalq İdman Həyəcanı” 2012-ci il London Yay Olimpiya və Paralimpiya Oyunlarının təbliğat gücündən yararlanıb, dünyanın 20-dək ölkəsində uşaq və gənclər arasında idmanın inkişafına çalışır. Bu proqram çərçivəsində Azərbaycanda futbol, atletika, voleybol və paralimpiya növlərinin inkişafına texniki və maliyyə yardımı ayrılır.

İngiltərəyə səfər haqqında Nüvər Xasıyev geniş danışıb. Nazirlik rəsmisi vurğulayıb ki, səfər ərzində “Mançester Yunayted”, “Liverpul”, “Everton” və “Bləkbörn” klublarına və onların nəzdində fəaliyyət göstərən akademiyalarla tanış olublar: “İngiltərə Premyer Liqasında mübarizə aparan bütün komandaların akademiyaları var. Özü də bu akademiyalar xüsusi tələbləri yerinə yetiriblər. Burada ən balaca akademiyanın sahəsi 20 hektardan çoxdur. Torpaq sahəsi klublara dövlət tərəfindən təmənnasız verilir. Üstəlik, akademiyanın tikintisi üçün də müəyyən maddi kömək edilir”. Xasıyevin sözlərinə görə, “Dumanlı Albion”da akademiyaların seçim turunda 8 yaşlı uşaqlar iştirak edirlər: “Buraya düşmək üçün 20-yə yaxın inkişaf mərkəzində sınaqdan keçmək lazımdır. Seçim zamanı bizdəki kimi, heç də boya, bədənin quruluşuna fikir vermirlər. Bəzən perspektivi olmayan uşaq da müsabiqəyə cəlb olunur. Sonradan ən bacarıqlılar seçilərək, akademiyada həm təhsil alır, həm də futbolun sirlərini öyrənirlər”.

AGİN-in sektor müdiri ölkəmizdə də İngiltərədəkinə bənzər şərait yaradılması üçün maliyyə vəsaitinə ehtiyac olduğunu söyləyib: “Bizim uşaq məşqçilərimiz heç də ingilis həmkarlarından geri qalmırlar. Sadəcə, İngiltərədəki vəziyyəti burada yaratmağa çoxlu pul lazımdır. Orada hər akademiyanın 15-dən az meydançası yoxdur. Təsəvvür edin ki, 10 uşağa 2 məşqçi ayırıblar. Halbuki, bizdə bir məşqi 15-16 uşaqdan ibarət qrupu çalışdırır. Mən İngiltərədə yağışın altında saatlarla məşqə baxdım. İnanın ki, paxıllığımdan ağlayırdım”.

Mehman Kərimovu isə gördüyü 3 cəhət şoka salıb: “Birincisi, azarkeşlərdir. Bizim canlı izlədiyimiz “Liverpul” - PSV və “Mançester Siti” - “Omoniya” matçlarında azarkeşlər möhtəşəm atmosfer yaratmışdılar. İkincisi, uşaq məşqçilərinin davranışlarına heyrətləndim. Onlar məşq zamanı qışqırmır, səslərini çıxarmırlar, sadəcə uşaqları izləyirlər. Fasilədə isə fərdi şəkildə yetirmələrinə yaxınlaşır, onların səhvlərini, çatışmazlıqlarını bildirirlər. Məni yaxşı mənada şoka salan 3-cü cəhət isə kütləvilik idi. Təsəvvür edin ki, 130 minlik Bləkbörn şəhərini təmsil edən eyniadlı klubun akademiyasında hər il 70 min uşaq sınaqdan keçirilir”.

Təhsil Nazirliyinin nümayəndəsi Fazil Eyyubov qeyd edib ki, İngiltərədə 16 yaşadək uşaqlar arasında heç bir turnir keçirilmir: “Yəni, orada bizim Azərbaycan birinciliyi və ya Bakı birinciliyinə bənzər yarışlar yoxdur. Uşaqlar 16 yaşından sonra turnirlərə qatılırlar. O vaxta qədər isə yalnız məşqlə, ikitərəfli oyunla kifayətlənirlər”. Qarşılıqlı razılaşmaya əsasən, gələcəkdə “Mançester Yunayted”, “Liverpul”, “Everton” və “Bləkbörn” komandalarının hərəsindən 1 məşqçi Bakıya təşrif buyuracaq. Bundan başqa, Premyer Liqanın 1 mütəxəssisi də ölkəmizə gələcək.


0