Mircavadov problemlərdən danışdı
10.10.2008 - 12:46
Mircavadov problemlərdən danışdı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Yığmamızın sabahkı rəqibi olan Finlandiyanın son oyununu izləmişəm. Finlər Almaniya ilə Helsinkidəki həmin görüşdə 3:3 hesablı nəticə sayəsində bir xal qazansa da, zəif cəhətləri göz qabağında idi”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Ağasəlim Mircavadov deyib.

Sabahkı oyunu səbirsizliklə gözlədiyini bildirən Mircavadovun sözlərinə görə, rəqibin zəif cəhətlərini özü üçün müəyyənləşdirib: “Finlər almanlarla görüşdə hesabda hər dəfə irəli çıxmaqla, rəqibinə çətin anlar yaşatsa da, oyun planında hər şey istənilən səviyyədə deyildi. Bu mənada rəqib komandanın orta sahəsində problemlərin olduğunu qeyd edə bilərəm. Məlum olduğu kimi, futbolda orta sahədən çox şey asılıdır. Məhz yarımmüdafiə xətti komandanın gücünü qiymətləndirməyə imkan verir. Finlərin almanların qapısına vurduğu hər üç qol əks-hücumlardan yaxşı istifadə etmənin nəticəsi idi. Onlar orta sahədə top saxlamaqda çətinlik çəkirdilər ki, bundan yararlanmaq lazımdır. Bunun üçün orta sahədə topla çox davranıb, finləri topsuz qoymalıyıq”.

Yığmamızın Helsinkidəki son oyunda uduzmasına baxmayaraq, yaxşı təsir bağışlaması ilə razılaşan Mircavadov Zaurların çıxışına toxunub. Hazırda millidən kənarda qalan Ramazanovla Tağızadənin həmin görüşdə gözəl oynadığı qeyd edən təcrübəli mütəxəssisin sözlərinə görə, əsas heyətdə müdafiəçilərin çoxluğu yaradıcı oyuna problem yaradır: “Fabio Luis Ramim Finlandiyaya qarşı oynasaydı, onun yerinə yetirdiyi cərimə zərbələrindən yararlanmaq olardı. Ancaq Ramimdə yaradıcı oyun görmürəm. Azərbaycan çempionatının görüşlərini izləmədiyimdən yığmadan kənarda qalanlar, yaxud debütantlar Emin Cəfərquliyevlə Araz Abdullayevin dəvət olunması haqda qəti fikir söyləyə bilmərəm. Sadəcə, başa düşə bilmirəm ki, yığmada gəncləşmə siyasəti aparılırsa, yeniyetmə oyunçular cəlb olunursa, onda serbiyalı hücumçu Branimir Subaşiç komandaya nə üçün çağırılır?”
0