Baxşıyev tənqiddən nəticə çıxarıb
10.10.2008 - 16:08
Baxşıyev tənqiddən nəticə çıxarıb
Bakı. Mehman Süleymanov - APA-Sport. “Finlandiya ilə səfər oyununun yığmamız üçün çətin olacağı hamıya məlumdur. Rəqib öz meydanında inamlı çıxışı ilə yadda qalır”. Bunu “APA-Sport”a açıqlamasında Azərbaycan milli komandasının yarımmüdafiəçisi Elmar Baxşıyev deyib.

Cəza səbəbindən sabahkı görüşə aparılmayan 28 yaşlı futbolçusu ötən il Helsinkiyə yollansa da, meydana çıxa bilmədi. Maraqlıdır ki, o vaxt da problem diskvalifikasiya ilə bağlı idi: “1:2 hesabı ilə uduzduğumuz həmin oyunu tribunadan izlədim. Yaxşı ki, həmin vaxt meydana çıxmadım. Çünki cəzalı olduğum oyuna az qalmış məlum oldu və bu, bilinməsəydi, bizi ağır diskvalifikasiya gözləyirdi. Helsinkidə oynamaq yenə də cəzaya görə mənə qismət olmadı”.

Elmar bildirib ki, artıq mətbuatın tənqidindən nəticə çıxarıb: “Mətbuatdan son vaxtlar tez-tez cəzalanmağımı, ötən mövsümün ən çox vərəqə alan futbolçu olmağımı oxudum. Bu, mənə pis təsir etdi və nəticə çıxarmışam. Hər halda, cari mövsümdə vərəqə almamışam”.

Sabahkı oyuna gəlincə, Baxşıyevin fikrincə, komanda bütünlüklə müdafiəyə çəkilsə, finlər qol vuracaqlar: “Çünki onların ifasında standart vəziyyətlər, hava ötürmələri çox təhlükəlidir, futbolçularının boyu 1,90 metrdir. Bunu nəzərə alıb, topu saxlamaq, ötürmələrə üstünlük vermək lazımdır”.

Qeyd edək ki, Elmar Berti Foqtsun milli komandamızın sükanı arxasında olduğu 6 oyunun hamısında iştirak edib.
0