Türkiyənin baş naziri bədbinliyə qapılıb
14.10.2008 - 15:27
Türkiyənin baş naziri bədbinliyə qapılıb
Bakı - APA-Sport. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən tədbirdə “Fənərbaxça”nın vitse-prezidenti Nihat Özdəmirlə söhbətləşib. “APA-Sport”un məlumatına görə, “sarı-lacivərdlilər”ə azarkeşlik edən Ərdoğan komandanın çətin vəziyyətə hansı səbəbdən düşdüyünü soruşub.

Öz növbəsində Nihat Özdəmir tezliklə hər şeyin düzələcəyini bildirib: “Fənərbaxça”nın mövcud durumu dünyadakı böhrana bənzəyir. Ən qısa vaxtda toparlanıb, yenidən uğurla çıxış edəcəyik”. Buna baxmayaraq, baş nazir bədbinliyini gizlətməyib: “Ancaq mənə elə gəlir ki, vəziyyət siz dediyiniz kimi deyil...”

Qeyd edək ki, hazırda “Fənərbaxça” Türkiyə çempionatında 6 xalla 12-ci pillədə qərarlaşıb. Eyni zamanda, Luis Araqonesin komandası Çempionlar Liqasının qrup mərhələsində mübarizəni erkən dayandırmağa çox yaxındır.
0