Skandinaviyalılar bizi unutmurlar
15.10.2008 - 10:52
Skandinaviyalılar bizi unutmurlar
Bakı. Mehman Süleymanov - APA-Sport. Finlandiya yığmasının futbolçuları Azərbaycanla oyunu unuda bilmirlər. “APA-Sport”un məlumatına görə, skandinaviyalılar Rusiya ilə oyun öncəsi milli komandamızı Helsinkidə minimal hesabla məğlub etdikləri (1:0) görüşü yada salıblar.

Müdafiəçi Hannu Tihinen Azərbaycanla matça “barmaqarası baxdıqlarını” qəbul etmir: “O fikirlə razı deyiləm ki, biz Rusiya ilə görüşü nəzərə alaraq, Azərbaycana qarşı yarım güclə oynadıq. Avropada praktiki olaraq zəif komandalar qalmayıb. Nəticə qazanmaq üçün hər oyunda bütün gücü meydanda qoymalısan. Bir də ki, Azərbaycanla oyundan sonra ruslarla görüşə 4 gün vaxtımız vardı. Bu isə bərpa olunmaq üçün kifayətdir. Əlbəttə, qrupumuzun favoritləri Almaniya və Rusiyadır. Bizim bir nömrəli vəzifəmiz belə güclü yığmalardan səfərdə xal almaqdır. Bu zaman zəif komandalarla oyunda qətiyyən xal itirmək olmaz”.

Azərbaycanla oyunda ehtiyatda qalan 24 yaşlı müdafiəçisi Veli Lampi təcrübəli komanda yoldaşı Yari Litmanenin çıxışına toxunub. Onun sözlərinə görə, Litmanen 37 yaşlı futbolçu olsa da, milli komandaya lazımdır: “Əgər futbolçu yığmaya çağırılmaqla bağlı etimadı doğruldursa, onun yaşının neçə olması qətiyyən əhəmiyyətli deyil. Litmanenin təcrübəsi Azərbaycanla oyunda bizə kömək oldu. Yari axır 11 dəqiqədə meydana çıxdıqdan sonra ötürmələrdə oyunumuzu düzəltdi. Biz favoritlərlə yaxşı oynasaq da, autsayderlərlə görüşdə həmişə büdrəyirik. Bu mənada ötən seçmə mərhələdə səfərdə Azərbaycana məğlubiyyəti, Ermənistanla heç-heçəni yada salmaq olar”.

Yığmamızla Helsinkidəki oyunda işsizlikdən üşüyən Finlandiya yığmasının qapıçısı Yussi Yaskelaynen Moskvada belə aqibətlə üzləşməyəcəyinə əmindir: “İstərdim ki, Rusiya ilə görüşdə Azərbaycanla oyunda olduğu kimi işim yüngül olsun. Ancaq bu, alınmayacaq. Moskvada bizi yaxşı hazırlıqlı və hücum etməyi bacaran rəqiblə çətin sınaq gözləyir. Buna görə ruslarla matçda işim heç də az olmayacaq”.
0