“Xəzər-Lənkəran”a qarşı oynamış futbolçunun nişanlısı sərxoş yaxalandı
15.10.2008 - 10:57
“Xəzər-Lənkəran”a qarşı oynamış futbolçunun nişanlısı sərxoş yaxalandı
Bakı - APA-Sport. Xorvatiya yığmasının və “Tottenhem” klubunun futbolçusu Vedran Çorlukanın şəxsi həyatında problem yaranıb. “APA-Sport”un məlumatına görə, 22 yaşlı müdafiəçinin nişanlısı İva Buzovla münasibətləri korlanıb. Buna İvanın bir müddət öncə çəkilmiş videogörüntüsü səbəb olub.

Çorlukanın əlinə keçən bu görüntülər böyük qalmaqal yaradıb. Çünki sözügedən videokaset İvanın Zaqreb küçələrində sərxoş gəzərkən çəkilib. Yüksək dozada alkoqol içki qəbul edən 21 yaşlı gözəlçə sonradan paytaxt küçələrinə çıxaraq, uca səslə mahnı oxuyub və yad kişiləri avtomobilinə dəvət edib. İva bu vaxt yanından keçən maşınların birində atasını görsə də, sakitləşməyib, əksinə buna gülərək reaksiya verib.

Məhz bu videokaset hazırda Londonda yaşayan cütlüyün ayrılmasına gətirib çıxara bilər. Halbuki Çorluka 2007-ci ildə Zaqreb “Dinamo”sundan İngiltərəyə yollanarkən, nişanlısı onu yalqız buraxmamışdı. Xorvatiyada hüquq ixtisası üzrə təhsil almasına baxmayaraq, İva hər şeyi kənara qoyaraq, Vedranla birgə İngiltərəyə getmişdi.

Qeyd edək ki, ötən ilin yayında Çorluka “Dinamo”nun heyətində Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində “Xəzər-Lənkəran”a qarşı forma geyinib. Bakıya təşrif buyuran gənc müdafiəçinin komandası ilk oyunda Lənkəran təmsilçisinin müqavimətini qıra bilməyib (1:1). Cavab matçında isə “Dinamo” 3:1 hesablı qələbə qazandığı üçün “Xəzər-Lənkəran” avrokuboklarla erkən vidalaşıb.





0