“Neftçi” planetin 11-ci komandasıdır
15.10.2008 - 12:42
“Neftçi” planetin 11-ci komandasıdır
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan Premyer Liqası orta məhsuldarlıqda dünyada 99-cu yeri tutur. “APA-Sport”un məlumatına görə, hər oyuna 2,29 topun vurulduğu çempionatımızda baş tutan 48 qarşılaşmada 110 qol qeydə alınıb. Dünyanın 91 ölkəsinin 126 çempionatı arasında yalnız 99-cu olan Premyer Liqa liderdən az qala iki dəfə geridədir. Belə ki, bu göstəricidə birinci olan Andorra çempionatında orta hesabla hər oyuna 4,5 qol vurulur. Bu göstəricidə ikinci olan Estoniyada azarkeşlər hər 90 dəqiqəyə 3,6, BƏƏ-də 3,55 qol görür. Albaniya və Mərakeşdə isə nadir hallarda çox qol vurulur. Bu ölkələrin çempionatlarındakı orta məhsuldarlıq 1,75-dir.

Meydan sahiblərinin görüşlərin 40,4 faizində qalib gəldiyi Premyer Liqa bu göstəricidə dünyada 104-cüdür. Bosniya və Herseqovina birinciliyi isə meydan sahiblərinin aşkar üstünlüyü ilə keçir. Balkan təmsilçisində keçirilən qarşılaşmaların 68 faizində öz meydanında çıxış edən komanda qalib gəlir. Albaniya və Lüksemburqda isə ev sahibi olmağın heç bir əlavə üstünlüyü yoxdur. Bu çempionatlarda qonaqlar yalnız matçların 29,6 faizində məğlub olur.

Əvəzində öz meydanında oynayanlardan geri qalmayaraq çempionatın 40,4 faizində üstün olan qonaqlar dünyanın ən yaxşılarındandır. Bu göstəricidə Premyer Liqa dördüncü yerdədir. Səfər komandalarının hegemonluq etdiyi Lüksemburqda oyunların 49,2 faizində meydan sahibləri xalsız qalıb. Andorra və Suriya da bu göstəricidə bizi qabaqlayır. Makedoniyada isə səfərə çıxmaq qələbəsiz qalmaq anlamına gəlir. Bu ölkənin çempionatında qonaqlar oyunların cəmi 7,6 faizində qələbə qazanıb.

Heç-heçələrin faizinin 19,1 olduğu Azərbaycan Premyer Liqası bu göstəricidə 111-ci yerdə qərarlaşıb. İlk pillədə isə İtaliyanın B seriyasının üstünlüyü aşkardır. Burada matçların 39,5 faizi “sülh”lə bitir. Avstraliya və Maltanın güclülər dəstəsində də matçların 1/3-dən çoxunda bərabərlik qeydə alınıb. Andorra çempionatında isə bərabərlikləri axtarmaq çox çətin məsələdir. “Cırtdanlar” oyunların yalnız 6,2 faizində heç-heçə ilə kifayətlənir.

Klubların nəticələrinə gəlincə, Bakının “İnter” klubunun Çempionlar Liqasından uzaqlaşdıran “Partizan” ən yüksək göstəriciyə malikdir. Serbiya çempionatında keçirdiyi 7 qarşılaşmada xal itirməyən belqradlılar Yunanıstanın “Atromitos” klubu ilə birlikdə bütün oyunlarda qələbə qazanan iki komandadan biridir. Amma aşağı dəstədə çıxış edən yunanlar nisbətən az – 5 matçda maksimuma imza atıb. Yeddi qarşılaşmada 18 xal toplayan “Xəzər-Lənkəran”ın bu uğuru dünyada 27-ci komanda olmaq üçün yetərlidir. Dünyanın 1891 komandasından 4-ü isə bütün oyunlarda məğlub olmaqla, ən pis nəticəyə nail olub. Yunanıstan təmsilçiləri “Terasivoulos” (güclülər dəstəsi) və “İlissiakos” (birinci dəstə), həmçinin Portuqaliyanın “Trofense” və Hollandiyanın “Volendam” komandaları beş oyunun hamısından məğlub ayrılıb. Yeddi oyuna cəmi 1 xal toplayan Azərbaycan təmsilçiləri “Bakılı” və “Turan” hər matça 0,14 xal toplayıb ki, bu göstəricidə 8-ci nəticəyə şərikdirlər.

İsveçrənin “Luqano” komandası hər oyuna 3,44 top vurmaqla, ən məhsuldar olduğunu nümayiş etdirib. Estoniya təmsilçiləri “Flora” ilə “Levadiya”da bu rəqəm 3,09-a bərabərdir. Yunanıstanda “Terasivoulus”, Portuqaliyada “Beyra Mar”, İsraildə “İroni” 5 oyun keçirsə də, qol hesabını aça bilməyib. Yeddi oyuna bir qol vuran “Turan” isə az qol vurmaqda 5-cidir.

Müdafiəsinin etibarlılığına görə də “Partizan” birinci pillədədir. Yeddi oyuna bir qol buraxan serbiyalılardan geri qalan Əlcəzairin “Bejala” klubu eyni sayda qol buraxsa da bir oyun az keçirib. Hər matça 0,28 top buraxan “Neftçi” isə planetin 11-ci komandasıdır. Digər təmsilçimiz “Bakılı” isə qol buraxmaqda ön sıralardadır. Yeddi matçda 20 qol buraxan paytaxt təmsilçisi dünyanın 14-cü komandasıdır. Lakin bakılılar liderlərə baxıb təsəlli tapa bilər. Çünki Slovakiyada “Dunayska Ştreda” hər oyunda 3,72, Kanadada “London Taun” isə 3,68 top buraxır.
0