“Fənərbaxça” altı futbolçudan imtina edir
15.10.2008 - 13:45
“Fənərbaxça” altı futbolçudan imtina edir
Bakı – APA-Sport. “Fənərbaxça” rəhbərliyi dövrələrarası fasilədə həyata keçirəcəyi transferlərlə bağlı siyahı hazırlayıb. “APA-Sport”un məlumatına görə, bu siyahıda qışda “sarı-lacivərlilər”ə cəlb olunacaq, eləcə də komandadan ayrılacaq futbolçuların adları yer alıb.

İstanbul klubunun rəsmiləri Əli Bilgin, Burak Yılmaz, Kolin Kazım, İlhan Parlak, Can Arat və Yasin Çakmakdan narazıdırlar. Gələn ilin yanvarında adıçəkilənlərin çoxu transferə çıxarılacaqlar. Onların yerini isə gənc və perspektivli futbolçuların tutması planlaşdırılıb.

Türkiyə Superliqasında forma geyinən Orxan Şam (“Hacettepe”), Mehmet Yıldız, Əbdürrəhman Dərəli (hər ikisi “Sivasspor”) və U-17 yığmasının bir neçə üzvü “Fənərbaxça”nın maraq dairəsindədir. Bundan başqa, rəhbərlik “Verder”in yarımmüdafiəçisi Məsut Özili də transfer etmək istəyir. Hətta “Fənərbaxça” rəsmilərinin 19 yaşlı futbolçunun atası ilə ilkin razılığa gəldiyi bildirilir.

Birinci dövrə başa çatandan sonra qapıçı Volkan Dəmirəlin də məsələsi müzakirə ediləcək. “Fənərbaxça” ilə razılaşmasının müddəti gələn ilin mayında bitəcək futbolçuya 1,5 milyon avro müqabilində yeni müqavilə təklif olunacaq. Əgər Volkan razılaşmasa, onun potensial əvəzləyicisi Belçika “Genk”ində oynayan Sinan Bolat və ya Almaniya “Hoffenhaym”ının şərəfini qoruyan Ramazan Özcan ola bilər. Həmçinin, “Qalatasaray”ın sabiq kolumbiyalı qapıçısı, hazırda “Köln”də çıxış edən Fərid Mondraqonun da “Fənərbaxça”ya gətiriləcəyi mümkündür.
0