Rüştü oğlunun qapıçı olmasını istəmir
15.10.2008 - 14:41
Rüştü oğlunun qapıçı olmasını istəmir
Bakı. Mehman Süleymanov - APA-Sport. “Futbolu, həyəcanım nə zaman itərsə, fiziki durumum imkan verməzsə, o zaman buraxmağı düşünürəm. Amma bu, yaxınlarda olmayacaq”. “APA-Sport”un məlumatına görə, bunu “Beşiktaş” klubunun qapıçısı Rüştü Rəcbər deyib. Son Avropa çempionatında bürünc medalçı olduqdan sonra yığmada çıxışını başa vuran 35 yaşlı qapıçı gələcək planlarına toxunub: “Futboldan ayrılmayacağımı düşünürəm. Amma bu zaman konkret nə işlə məşğul olacağımı deyə bilmərəm. Bu, klub rəhbərliyi, idarə heyətində, media sahəsində ola bilər. Amma indi məşqçi olmaq fikrim olmaq yoxdur”.

Futbola hücumçu kimi başlayan Rüştü sonradan qapıya keçməsinin səbəbini belə göstərib: “Məşqçi boyum hündür olduğu üçün mənə qapını tapşırdı. Bu, ilk vaxtlar mənim üçün çətin olsa da, sonra qapıçılığı sevməyə başladım. Engin İpəkoğlu, Hayrəttin Dəmirbaş bəyəndiyim isimlər oldu. Daha sonra Peter Şmeyhelə özümə örnək götürdüm”.

Türkiyədə çıxış etməyin Avropada oynamaqdan daha çətin olduğunu iddia edən Rəcbər oğlunun idmanla məşğul olmasına qarşı çıxmır: “Oğlumun idmançı olmasını istərdim. Ancaq konkret hansı sahə ilə məşğul olması özündən asılıdır. Oğlumun futbolçu olmasını istərdim, amma qapıçı olmasını qətiyyən yox”.

Qeyd edək ki, 2002-ci il dünya çempionatında bürünc mükafat qazanan Rüştü ümumilikdə yığmalarda 132 oyun keçirib və bunlardan 118 matç milli komandada olub.


0