Venger: “Daha bir qələbəyə ehtiyacımız var”
22.10.2008 - 10:17
Venger: “Daha bir qələbəyə ehtiyacımız var”
Bakı - APA-Sport. “Sürətli futbolçular sayəsində qənaətbəxş nəticə əldə etdik. İlk qolu mənim komandamın vurması oyunun məhsuldar alınmasına səbəb oldu”. “APA-Sport”un məlumatına görə, bu sözləri Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Fənərbaxça” - “Arsenal” (2:5) matçından sonra qonaq komandanın baş məşqçisi Arsen Venger deyib.

Fransalı çalışdırıcı rəhbərlik etdiyi kollektivin əsas üstün cəhəti kimi orta yaş həddini göstərib: “Bu gün meydanda çoxlu gənc oyunçumuz var idi. Komandamızda orta yaş həddi 22-dir. Belə gənc kollektivlə İstanbulda uğur qazandığımız üçün qürur hissi keçirirəm”.

Hazırda “Arsenal”ın 7 xalla ilk pillədə qərarlaşmasına baxmayaraq, Venger hələ də növbəti mərhələyə vəsiqəni təmin etmədiklərini bildirib. “Daha bir qələbəyə ehtiyacımız var. Bundan sonra 1/8 finala yüksəldiyimizi qəti söyləmək mümkün olacaq” - deyə baş məşqçi vurğulayıb. O, gələcəkdə “Fənərbaxça”nı çalışdırmaq ehtimalı barədə verilən sualı isə belə cavablayıb: “Fənərbaxça”nın yaxşı baş məşqçisi var. Sadəcə, nailiyyət qazanmaq üçün zamana ehtiyac duyulur. O ki qaldı mənə, 2011-ci ilədək “Arsenal”da qalacağam”.
0