“Arsenal”a “Turan” mane olub
22.10.2008 - 10:27
“Arsenal”a “Turan” mane olub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Türkiyənin “Fənərbaxça” klubu Çempionlar Liqasının (ÇL) üçüncü turunda uduzmaqla, avrokuboklar tarixində 75-ci məğlubiyyətini alıb. “APA-Sport”un məlumatına görə, istanbulluların “yubiley”i İngiltərə “Arsenal”ı ilə ev oyununa təsadüf edib. Böyük hesabla (2:5) uduzan “Fənərbaxça”nın öz meydanındakı məğlubiyyətsiz oyunlar seriyası da qırılıb. Qitə kuboklarında evdə keçirdiyi qarşılaşmalarda sonuncu dəfə İtaliya “Milan”ına uduzan türkiyəlilər 2005-ci il noyabrın 3-dən sonra doğma meydanda uduzmurdu. 1063 gün ərzində 15 qonaq komandadan xal alan “Fənərbaxça” həmin matçda da böyük hesabla (0:4) uduzmuşdu.

Son 4 ildə bir oyuna 5 və daha çox qol buraxmayan “Fənərbaxça” 49 aydan sonra “Arsenal” önündə 5 dəfə aciz qaldı. Elə 2004-cü il sentyabrın 28-də də ingilislər türkiyəlilərə “dərs” keçmişdi. Onda britaniyalılar ÇL-in ev oyununda “Fənərbaxça”nı 6:2 hesabı ilə üstələmişdi. Lakin indikindən fərqli, o vaxtkı məhsuldarlığı “Arsenal” yox, “Mançester Yunayted” qazanmışdı.

“Fənəbaxça”nın evdə 5 qol buraxması isə ümumiyyətlə nadir hadisədir. Avrokuboklar tarixində bundan da pisini görməyən istanbullular ikinci dəfə 5-dək saymalı oldu. 14 il əvvəl UEFA kubokunda “Fənərbaxça”nın qonağı olan “Kann” 5 qol vurmuşdu – 1:5. Sentyabrın 27-də keçirilən görüşdən 14 il sonra fransızların nəticəsini ingilislər təkrarladı. Tarixində ikinci dəfə evdə 5 qol buraxan istanbullular bundan pisini görməyib.

“Arsenal”ın rekordu təkrarlamayıb yenisini müəyyənləşdirməyinə isə Tovuzun “Turan” klubu əngəl olub. 1994/95 mövsümünün birinci mərhələsində “Fənərbaxça” Azərbaycan təmsilçisini arxada qoymaqla, “Kann”a rəqib olub beş “zərbə” almışdı.
0