“Milan” Bekhemi icarəyə götürdü
22.10.2008 - 16:42
“Milan” Bekhemi icarəyə götürdü
Bakı. Mehman Süleymanov - APA-Sport. İngiltərəli futbol ulduzu Devid Bekhemin karyerasını “Milan”da davam etdirəcəyi dəqiqləşib. “APA-Sport”un məlumatına görə, 33 yaşlı yarımmüdafiəçi İtaliyaya yalnız məşq etməyə yox, oynamağa gələcək.
“Milan”ın vitse-prezidenti Alberto Qalliani Bekhemin müqavilə ilə məxsus olduğu ABŞ-ın “Los Anceles Qalaksi” klubundan icarəyə götürdüklərini bu gün təsdiqləyib: “Biz Devidi gələn ilin yanvarından bir neçə aylığa icarəyə götürürük. Onun gəlişi stadiona daha azarkeş toplayacaq. Razılaşmanın müddəti başa çatdıqdan sonra o, geri dönəcək. Bekhem “Milan”ı rəqabətə davamlı komanda olduğu üçün seçib. Biz ulduz kolleksiyası yaradan klub deyilik”.
Bu məsələyə münasibət bildirən “Milan”ın baş məşqçisi Karlo Ançelotti Bekhemi əsl peşəkar futbolçu adlandırıb: “Onunla birgə işləmək mənə böyük zövq verəcək. Dörd ay komandamızda oynaya bilsə, buna çox şad olarıq. Devid “Milan”a həm A seriyasında, həm də avrokuboklarda yardım edəcək”.
Qeyd edək ki, 2007/08 mövsümündə A seriyasını 5-ci yerdə başa vurduğundan UEFA kubokunda yarışan “Milan” yayda Ronaldinyo, Andrey Şevçenko kimi məşhur futbolçuları da heyətə qatıb.
0