Milli komanda Zaqatalada oynaya bilər
27.10.2008 - 14:08
Milli komanda Zaqatalada oynaya bilər
Bakı. Aqşin Əliyev - APA-Sport. “Şəfa” stadionuna iki il öncə süni örtük döşənsə də, hələlik burada beynəlxalq miqyaslı oyunun keçirilməsinə icazə yoxdur. Çünki stadionu icarəyə götürən “İnter” rəhbərliyi FİFA-dan lisenziya almayıb”. “APA-Sport”un məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Bu gün keçirilən mətbuat konfransında AFFA-nın klubların işinə qarışmadığını söyləyən Məmmədov lisenziya almağın prosedur qaydalarını şərh edib: “Süni örtüyün yoxlanılması ilə bağlı FİFA-nın 8 laboratoriyası fəaliyyət göstərir. Həmin laboratoriyanın nümayəndələri “Şəfa”ya gəlib, örtüyü yoxlamalı və müvafiq qərar verməlidirlər. Stadiona 1, yaxud 2 ulduzlu lisenziya təqdim edilə bilər. Bir ulduzlu stadionda avrokubokların qrup mərhələsinin oyunlarını keçirmək mümkündür. İki ulduzluda isə final matçlarının da təşkilinə icazə var. Biz də istəyirik ki, “Şəfa” lisenziya alsın. Ancaq istənilən halda, AFFA bu məsələyə qarışa bilməz”.

Baş katib vurğulayıb ki, gələcəkdə milli komandamız rəqiblərini Zaqatala Olimpiya Kompleksində qəbul edə bilər: “Bunun üçün Zaqatalanın süni örtüklü stadionuna da FİFA lisenziya verməlidir”.
0