Ponomaryov: Legionerlər bizə kömək etməyəcək
05.12.2008 - 16:51
Ponomaryov: Legionerlər bizə kömək etməyəcək
“Xəzər-Lənkəran” klubunun rəsmiləri bu gün yeni baş məşqçi İqor Ponomaryovu ictimaiyyətə təqdim edib. Apasport.az saytının məlumatına görə, mərasimə müqavilə imzalamaqla başlayan 48 yaşlı mütəxəssis bir illik anlaşmaya komandanın vitse-prezidenti Araz Nəsirovla birgə imza atıb. Ardından Nəsirov Ponomaryova klubun şərfini və döş nişanını bağışlayıb.

“Xəzər-Lənkəran”ın rəhbərliyinə ona göndərilən dəvətə görə təşəkkür edən olimpiya çempionu böyük klubda çalışdığı üçün məmnunluğunu bildirib: “Komanda böyük azarkeş dəstəyinə malikdir, böyük regionu təmsil edir. Qarşımda duran əsas vəzifə layiqli çıxış etməkdir. Həm Azərbaycan çempionatında, ölkə kubokunda və Avropa miqyasında uğurla çıxış etməyə çalışacağıq”.

Ponomaryov bildirib ki, heyətlə bağlı dəyişiklərə qərar verməsi üçün komanda ilə yaxından tanış olması vacibdir. O, hazırda klubsuz olan oğlu Anatolinin “Xəzər-Lənkəran”da çıxış edib-etməyəcəyini zamanın ixtiyarına buraxıb: “İlk gördüklərimə əsasən belə qənaətə gəlmişəm ki, “Xəzər-Lənkəran”ın nəticə qazanması üçün potensialı var. Komandanın Sankt-Peterburqda Ağasəlim Mircavadovun rəhbərliyi altında “Birlik kuboku”nu qazandığı zamanı çıxışını izləmişəm. Həmin vaxt komandanın oyunu xoşuma gəlib. UEFA kubokunda Polşanın “Lex” klubunu uduzduğu görüşü də izləmişəm. Komanda indiyə kimi qitə miqyaslı turnirdə qələbə qazana bilməyibsə, görünür, çatışmazlıqlar olub. Ola bilsin ki, bu, səviyyə ilə bağlıdır”.

Üç il öncə “Xəzər-Lənkəran”a səfərdə 0:3 hesabı ilə uduzduğu oyundan sonra “Qarabağ”ın baş məşqçi postunda gələcək taleyini təhlükə altına qoyan Ponomaryov futboldan kənar şübhəli məqamlara da toxunub: “Həmin vaxt lider olduğumuzu nəzərə alsaq, bu məğlubiyyət çox üzücü oldu. Mən futbolçuların şübhəli məqamlar, qəsdən oynamamaqla bağlı hallarla rastlaşmamışam. Azərbaycan futbolunun inkişafı yerli oyunçulara diqqətin artırılması, onların səviyyəsini qaldırmasından çox asılıdır. Buna nail olmasaq, heç bir legioner bizə kömək etməyəcək. Yığmanın baş məşqçisi olduğum vaxtdan fərqli, indi millidə legionerlər oynayır. Axı niyə belə olmalıdır? Milli komandamızda öz oyunçularımız çıxış etməlidir”.
0