UEFA hər klubumuza 26 min manat ayırıb - YENİLƏNİB VİDEO
23.12.2008 - 13:10
UEFA hər klubumuza 26 min manat ayırıb - YENİLƏNİB  VİDEO
Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin (İK) iclası işinə başlayıb. Apasport.az saytının məlumatına görə, AFFA-nın vitse-prezidenti Elşad Nəsirovla Bakı Futbol Federasiyasının prezidenti Cahangir Hacıyev istisna olmaqla, toplantıda İK-nin 11 üzvündən 9-u qatılıb. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev və AFFA-nın baş katibi Elxan Məmmədov isə iclasda qonaq qismində iştirak edib.

Toplantını giriş sözü ilə açan AFFA prezidenti Rövnəq Abdullayev bildirib ki, arxada qalan işlərin göz qabağındadır: “Futbolumuzda inkişaf hiss olunur. Bu isə o deməkdir ki, düzgün yoldayıq. Premyer Liqada maraqlı və gərgin mübarizə gedir. Bundan əlavə, əvəzedici və 17 yaşlılardan ibarət komandaların da yarışı keçirilir. Bütün bunlar çoxlarının futbola cəlb olunmasına səbəb olur. Kəmiyyət və keyfiyyət bizi qane edir”.

Futbolun inkişafında Təhsil Nazirliyinin də rolunu qeyd edən Abdullayev bu qurumun İK-da nümayəndəsi, nazir müavini Elmar Qasımova xüsusi minnətdarlığını bildirib: “Təhsil Nazirliyi ilə yaxşı əməkdaşlıq nəticəsində orta məktəblərdə idmanın futbol növü kütləviləşib. Bu gün də böyük uşaq futbol məktəbinin açılışı olacaq. Nazir Misir Mərdanovla birgə açılışda iştirak edəcəyik. AFFA-nın inzibati binasının ərazisində tikilən futbol akademiyasının açılışı isə yanvarda olacaq”.

Ardından İK üzvləri gündəlikdə duran məsələləri müzakirə edib. “İnter” klubunun “Şəfa” stadionunda görülən işlərlə bağlı hesabatı İK-nın növbəti toplantısına qalıb. Buna “İnter”in prezidenti Georgi Nikolovun Azərbaycanda olmamağı səbəb olub.

Futzal üzrə milli komandamızın baş məşqçi postuna Joze Alesio da Silva təsdiq olunub. Braziliyalı mütəxəssislə 4 aylıq müqavilə bağlanıb. İK-nın 5 iyul 2008-ci il tarixli qərarı ilə lisenziya şərti olaraq Premyer Liqanın növbəti mövsümündən başlayaraq bir stadionun xidmətindən yalnız bir klub istifadə etməlidir. Qərara alınıb ki, klublar bununla bağlı gələn ilin fevralında AFFA-ya məlumat versinlər. Digər qərara əsasən, 17 yaşlılardan ibarət yığmamızda çıxış edən futbolçular klublarla minimum 6 aylıq, maksimum 3 illik müqavilə bağlamaq hüququna malikdir. Bundan başqa, 11 yaşından ibarət Azərbaycanda bütün futbolçular qeydiyyatdan alınacaq və onlara lisenziya veriləcək.

İclasda, həmçinin AFFA-nın Hakimlər və Hakim-İnspektorlar Komitəsinin yeni əsasnamələri təsdiqlənib. Eyni zamanda, Hakim-İnspektorlar Komitəsinin üzvü Rauf Hüseynli öz istəyi ilə işdən azad edilib, onu Əliyar Xanəliyev əvəzləyib.

Qeyd edək ki, UEFA tərəfindən 2006/07 və 2007/08 mövsümləri üçün klublarımıza ayırdığı pullar ünvanına çatdırılacaq. AFFA bu məbləğlərin hara xərclənməsinə nəzarət edəcək. Bundan ötrü klublar futbol inkişaf proqramlarına assosiasiyaya təqdim etməlidirlər. Qitənin ən ali futbol qurumu UEFA kuboku və İntertotoda iştirak etmiş hər bir klubun hesabına iki il üçün təxminən 26 min manat pul ayırıb. Onu da əlavə edək ki, Çempionlar Liqasında mübarizə aparmış komandamızın gəliri daha çoxdur və həmin məbləğ birbaşa klubun hesabına köçürüləcək.
0