1 milyon pula, heç nəyi qaldırmaq mümkün olmayacaq - VİDEO
23.12.2008 - 13:48
1 milyon pula, heç nəyi qaldırmaq mümkün olmayacaq  - VİDEO
“Berti Foqtsdan heç bir narazılığımız yoxdur. İşini yüksək səviyyədə qurub. Foqtsun Premyer Liqada mübarizə aparan klubların məşqçiləri ilə apardığı işlər də qaydasındadır. Onun məşqçilərlə problemi yoxdur”. Apasport.az saytının məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Assosiasiya rəhbəri bildirib ki, milli komandamızın uğur qazanması üçün lazımi şərait yaradılıb: “2009-cu illə bağlı yığmaya arzularım çoxdur. AFFA milli komandaya şərait yaradıb. Son vaxtlar Berti Foqts müəyyən qədər futbolçu üzə çıxarıb. Amma biz işləri lap kökdən qurmalıyıq. İndi ortaya 1 milyon pul qoysan da, heç nəyi qaldırmaq mümkün olmayacaq. Buna görə də bünövrədən başlamalı, inkişaf etdirməliyik. Necə deyərlər, vuran ayağımız yoxdur, onu axtarırıq. Sevindirici haldır ki, Təhsil Nazirliyi ilə birgə gördüyümüz işlər sayəsində futbol məktəbi inşa etdirmişik”.

Abdullayev hakimlərlə bağlı məsələyə də toxunub: “Məqsədimiz Azərbaycan çempionatında hakimliyi, ədaləti bərqərar etməkdir. Bu mövsümdə hakimlərin ədalətsizliyi ilə rastlaşmamışıq. Hərdən səhvlər buraxılıb, ancaq bunlar, qəsdən, bilərəkdən olunmayıb. Bu yöndə işləri daha da yaxşılaşdırmağa çalışacağıq. Azərbaycan hakimliyi tarixində ilk dəfə gələn ay 50 hakim təlim-məşq toplanışına cəlb olunacaq və Antalyada hazırlıq prosesi keçəcək. Fikrimcə, Premyer Liqa oyunlarına əcnəbi hakimlərin dəvət olunmasına ehtiyac yoxdur”.
0