“Kocaelispor”da qalacaq futbolçular arasında azərbaycanlılar yoxdur
12.05.2009 - 12:04
“Kocaelispor”da qalacaq futbolçular arasında azərbaycanlılar yoxdur
Türkiyənin “Kocaelispor” klubunda mövsümün sonunda qalacaq futbolçuların adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, həmin 8 futbolçu arasında azərbaycanlılar - müdafiəçi Rəşad Sadıqovla Ramal Hüseynov yoxdur.

Komandada qalacağı dəqiq olan kapitan Sərdar Torpaktəpə, Həmzə Mutlu, Berkay Samançı, Mehmet Öztonqa, Uğur Daşdəmir, Julio Sezar, Məsut Eslik və Mətin Eroldur. Həm Rəşadın, həm Ramalın klubla müqaviləsi cari mövsümün sonunda bitir. Sadıqov qışda “Neftçi”dən birdəfəlik ayrıldığı halda, Hüseynov hələ də müqavilə ilə “Bakı”ya məxsusdur.

Belə ki, bakılılar Ramalı yarım illiyə təmənnasız olaraq “Kocaelispor”a icarəyə verib. Əslində, izmitlilər Rəşadı yeni mövsümdə, birinci divizionda da sərəncamında görmək istəyir. Təsadüfi deyil ki, “Kocaelispor” qalması mümkün olan futbolçular arasında Sadıqovu da göstərir və milli komandamızın 27 yaşlı kapitanını yola gətirilməsinin vacibliyi qeyd olunur. Artıq indidən Rəşadı razı salmaq haqda düşünən İzmit klubu bu işdə kapitanının köməyinə böyük ümid bəsləyir.

Məsələ ondadır ki, Sadıqov “Kocaelispor”un keçidində vasitəçi olan Sərdar Torpaktəpənin sözünə qulaq asmaq fikrindədir. Yəni, Sərdar komandada qalsa, Rəşad da bu addımı atmağı düşünür. Göründüyü kimi, komandada qalacaq futbolçuların siyahısında Sərdarın da adı var və izmitlilər buna ümidlidir. Ramala gəlincə, 25 yaşlı orta sahə oyunçusu hələ “Kocaelispor”da debüt etməyib. Təbii ki, belə olan halda, komanda günlərini ehtiyatda keçirən futbolçu ilə başa çatan anlaşmanı uzatmaqda maraqlı deyil.