Hakimlərimizi necə və niyə təhqir edirlər?
12.05.2009 - 12:37
Hakimlərimizi necə və niyə təhqir edirlər?
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Peşəkar Futbol Liqasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, komitə üzvləri son matçlarda baş verən xoşagəlməz olaylarla bağlı qərarlar çıxarıb.

Premyer Liqanın XXV turunun "Simurq" - "Qəbələ" matçının 77-ci dəqiqəsində hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Turnike Aptsiari üçün mövsümü bitib. “Qəbələ”nin yarımmüdafiəçisi iki oyunluq cəzalanmaqla yanaşı, 2000 manat cəzalanıb.

Əvəzedici komandaların XXV turunun "Qarabağ" - "Xəzər-Lənkəran" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 90+2-ci dəqiqəsində "Qarabağ"ın futbolçusu Emin Mustafayev rəqibini ayaqla vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanıb və klubunu 1000 manat ziyana salıb. Oyun başa çatdıqdan sonra "Qarabağ"ın daha bir futbolçusu Elhad Əhmədov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə cəzalanıb ki, o da eyni cəzaya məruz qalıb.

Əvəzedici heyətlər arasında "İnter" - "Karvan" matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan sahibləri 500 manat cərimə olunub. "Neftçi" - "Bakılı" matçının 87-ci dəqiqəsində rəqibini vurduğuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Cavidan Musazadə 2 oyunluq cəzalanıb və meydan sahiblərini 1000 manat cərimə olunub. "Muğan" - "Standard" matçında da meydan sahibləri cəzalanıb. Matçın 70-ci dəqiqəsində "Muğan" klubunun futbolçusu Əziz Kələşov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və 100 manat cərimə olunub.

Azərbaycan çempionatının I divizionunun XXVII turunun ABN - "Ədliyyə" matçının 61-ci dəqiqəsində "sonuncu ümid foulu"na görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Kənan Hacıyev 1 oyunluq cəzalanıb və öz meyadnında oynayan Bərdə təmsilçisini 20 manat ziyana salıb.