Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Legiya”nın heyətində Avropa Liqasında növbəti qolunu vurub.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı forvard bu dəfə qrup mərhələsinin IV turunda “Napoli” ilə ev matçında fərqlənib.
Varşavada baş tutan qarşılaşmada start heyətində meydana çıxan Emreli 10-cu dəqiqədə cərimə meydanı daxilindən dəqiq zərbə ilə hesabı açıb. Bu, həmyerlimizin qol həsrətinə son qoysa da, polşalıların xal alması üçün kifayət etməyib. Çünki ikinci hissədə Pyotr Zelinski (51-ci dəqiqə), Dris Mertens (75), İrvin Lozano (79) və Adam Unasın (90) qolları neapollulara 4:1 hesablı qələbə qazandırıb. Emreli isə 80-ci dəqiqədə əvəzlənib.
Bu qalibiyyətlə xallarının sayını 7-yə yüksəldən “Napoli” liderliyi rəqibdən alıb. Aktivində 6 xal olan “Legiya” isə hətta ikinci yeri də əldən vermək təhlükəsi ilə üzləşib.