Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Polşa “Legiya”sında rəsmi debütü uğurlu alınıb.
Apasport.az saytının məlumatına görə, 24 yaşlı hücumçu Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda “Bodo Qlimt”ə qarşı forma geyinib.
Forvard Norveçdəki səfər oyununa start heyətində başlayıb. O, erkən qola sevinən “Legiya”nın ilk yarıdakı ikinci topuna 41-ci dəqiqədə imza atıb. Fasilə ərəfəsində skandinaviyalılar fərqi artırsa da, Mahir ikinci hissədə də qol sevinci yaşayıb. O, 61-ci dəqiqədə fərqlənib.
Debüt oyununda dubla imza atan Emreli matçın 79-cu dəqiqəsində əvəzlənib. Meydan sahibləri daha bir qol vursa da, təmsilçimizin komandası 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də baş tutacaq.