Almaniyanın “Herta” klubu futbolçusu Salomon Kalunu cəzalandırıb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi müvəqqəti olaraq hazırlıqdan kənarlaşdırılıb.
Buna səbəb Kalunun yaydığı videodur. O, sosial şəbəkədə canlı yayım edərək məşqə çıxan komandanın soyunub-geyinmə otağını göstərib.
Videoya əsasən, hazırlıq üçün bir araya gələn komanda üzvləri koronavirus pandemiyası ilə bağlı zəruri olan sosial məsafəyə riayət etmir. Onlar bir-birinin əlini sıxır, 1,5 metrlik məsafəni gözləmir.
Almaniya Futbol İttifaqı (DFB) məsələyə dərhal reaksiya verərək klubu qaydaları pozduğu üçün ciddi tənqid edib. Fil Dişi Sahilindən olan futbolçu videonu tezliklə silsə də, cəzadan qaça bilməyib. Ona pul cəriməsi də kəsiləcəyi gözlənilir.
Qeyd edək ki, koronavirus pandemiyası üzündən dayandırılan Bundesliqanın mayın ortalarında bərpa olunacağı gözlənilir.