Ali Koça yad əşya atdılar, yerə yıxıldı - Yenilənib
18.08.2024 - 14:05
Ali Koça yad əşya atdılar, yerə yıxıldı - Yenilənib

Dünən İzmirdə keçirilən qalmaqallı matçın fasiləsində "Fənərbaxça"nın prezidenti Ali Koç azarkeşlərin əyləşdiyi tribunaya gedib. 

Apasport.az xəbər verir ki, Ali Koçun bu addımına səbəb bəzi "Fənərbaxça" azarkeşlərinin stadiona girə bilməməsi səbəbilə tribunadakı azarkeşlərlə danışmaq istəməsi olub.

Bu anda "Göztepe" azarkeşləri prezidentin başına yad əşyalar atıb. Daha sonra isə "Göztepe" akkreditasiyasına sahib olan klub nümayəndəsi Ali Koçu arxadan itələyib. O, zərbənin təsiri ilə müvazinətini itirərək yerə yıxılıb.

İstanbul klubu məsələ ilə bağlı bu gün açıqlama verib. Klub rəhbərliyi günahkar şəxsin cəzalandırılmasını tələb edib, onu futbol terroristi adlandırıb. Açıqlamada da təsdiq olunub ki, həmin şəxsin üzərində "Göztepe" klubunun akkreditasiyası olub. 

İzmir təmsilçisinin rəhbərliyi isə məsələnin araşdırıldığını, günahkarların cəzalandırılacağını ifadə edib.

Qeyd edək ki, "Göztepe" - "Fənərbaxça" matçı 2:2 hesablı bərabərliklə yekunlaşıb.

0