Belçika Kral Futbol Federasiyası ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının təxirə salınmasına etiraz edib.
Apasport.az xəbər verir ki, qurum bununla bağlı rəsmi açıqlama yayıb.
Federasiya bildirib ki, Baloqunun ABŞ - Belçika oyununda iştirak edə bilməsi onları təəccübləndirib. Açıqlamada qeyd olunub ki, FIFA qərarını İntizam Məcəlləsinin 27-ci maddəsinə əsaslandırsa da, eyni məcəllənin 66.4-cü maddəsinə görə qırmızı vərəqə alan futbolçu növbəti oyunu avtomatik buraxmalıdır.
Belçika tərəfi əlavə edib ki, bu qərar FIFA Dünya Çempionatı-2026-nın yarış təlimatlarının 10.5-ci maddəsinə də ziddir. Həmin maddədə qırmızı vərəqə alan futbolçunun komandasının növbəti matçını avtomatik buraxacağı açıq şəkildə göstərilib.
Bəyanatda vurğulanıb ki, eyni qayda 12 may 2026-cı ildə iştirakçı federasiyalara göndərilən FIFA-nın 16 nömrəli dairəvi məktubunda, eləcə də hər matçdan əvvəl keçirilən koordinasiya iclaslarında dəfələrlə təsdiqlənib.
Qeyd edək ki, Belçika Kral Futbol Federasiyası turnirdə ədalətli oyun prinsipinin qorunması üçün bütün hüquqi imkanları araşdırdığını açıqlayıb.