“Fənərbaxça” rəsmisi: “Biz bunu təhqir kimi qəbul etdik”
11.02.2026 - 23:13
“Fənərbaxça” rəsmisi: “Biz bunu təhqir kimi qəbul etdik”

"Fənərbaxça"nın vitse-prezidenti Murat Salar klub televiziyasına açıqlama verib.

Apasport.az xəbər verir ki, o, Ademola Lukman transferinin niyə baş tutmadığını izah edib.

Klub rəsmisi bildirib ki, qarşı tərəf mövzu ilə bağlı haqsızlıq edib:

“Futbol sahəsində əməkdaşlarımız transfer dövründə bəzi məsələlər konkretləşməyə yaxınlaşanda pul axını səbəbilə həmin məlumatı mənimlə bölüşürlər. Mənim əsas iştirak etdiyim hissə işin maliyyə tərəfidir. Lukman transferində də prosesə qoşuldum. "Atalanta" klubu təminat məktubu istədi. "Fənərbaxça" tarix boyu nə təminat məktubu verib, nə də alıb. Biz bunu təhqir kimi qəbul etdik. Hansı bankın nüfuzu 120 illik "Fənərbaxça" İdman Klubundan daha dəyərlidir? Bu tələbdə israr edildi. Əgər bir kluba təminat məktubu versəniz, bundan sonrakı bütün transferlərdə də bu tələb olunacaq. Biz "Fənərbaxça"nın gələcəyinin girov qoyulmasına icazə vermədik. “Mançester”, PSJ, “Latsio” kimi klubların təminat məktubu istəmədiyi bir vəziyyətdə başqa bir İtaliya klubunun bunu istəməsi qəbuledilməzdir. Bu, təkcə "Fənərbaxça" üçün yox, bütün türk komandaları üçün maneə yaradar. Lukman yaxşı oyunçudur, onu almaq istədik və şərtlərimizi son həddə qədər zorladıq, amma təminat məktubu futbol praktikasında olan bir şey deyil. Klub tariximizdə etdiyimiz heç bir transferdə belə bir tətbiq olmayıb. Biz "Fənərbaxça"nın nüfuzunun banklardan daha yüksək olduğunu düşünürük. Onlar adından danışmaram, tələb etdilər, amma biz rədd etdik. Bu məsələ müzakirəyə belə açılmadı. Bu prinsipi qorumaq məcburiyyətindəyik. Biz "Fənərbaxça"nı təmsil edirik. Bu edilən hörmətsizliyə görə transferdən imtina etdik."