"Fənərbaxça"da xaos bitmir: Futbol direktoruna "Beşiktaş"lı köməkçi
19.06.2025 - 14:32
"Fənərbaxça"da xaos bitmir: Futbol direktoruna "Beşiktaş"lı köməkçi

Super Liqa təmsilçilərindən "Fənərbaxça"nın idman direktoru Devin Özek özünə yeni köməkçi axtarır. 

Apasport.az xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu məlumat yayıb. 

Jurnalistin iddialarına görə, Özek daha əvvəl "Beşiktaş"ın mətbuat xidmətində işləyən Buğra Kaan Sürerlə görüşmələrə başlayıb. O, bildirib ki, "Fənərbaxça" Sürerlə anlaşıb, onunla 2025-ci ilin sentyabr ayına qədər müqavilə imzalanıb. Lakin sözləşmə birbaşa "Fənərbaxça" ilə yox, kluba aid olan bir holdinqlə imzalanıb.

Bu keçidi birmənalı qarşılamayan "Fənər" azarkeşləri sosial mediada Sabuncuoğlunun xəbərinə mənfi rəylər yazaraq kluba etirazlarını bildiriblər. 

Xəbərdən dərhal sonra "sarı-lacivərdlilər" rəsmi sosial media hesablarında bu məlumatı təkzib edib.

Yağız Sabuncuoğlu "Fənərbaxça"nın təkzib xəbərinə bu sözlərlə cavab verib: "Heç kimin çörəyinə bais olmaq istəmirdim, ona görə xəbəri ən yumşaq variantda izləyicilərlə bölüşdüm. Əgər bu xəbər dezinformasiya çıxarsa, mən bir də bu işi görməyəcəm. Xəbərin doğru olduğuna bu qədər əminəm. Sözlərimin də, xəbərimin də arxasındayam".