Messi: "Hədəfim DÇ-2026-da oynamaqdır"
28.10.2025 - 14:37
Messi: "Hədəfim DÇ-2026-da oynamaqdır"

Bütün zamanların ən yaxşı futbolçularından biri hesab edilən Lionel Messi hazırda karyerasını "İnter Mayami"də davam etdirir.

Apasport.az xəbər verir ki, bu yaxınlarda Amerika klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzadan təcrübəli oyunçu "NBC News"a açıqlamasında hədəfinin 2026 Dünya Çempionatında oynamaq olduğunu bildirib:

"Dünya çempionatında oynamaq möhtəşəm olar. Mən bunu etmək, orada olmaq istəyirəm. Yaxşı fiziki vəziyyətdə olmaq və komandama kömək etmək mənim üçün əla olardı. Təbii ki, günü-gündən inkişaf etməyə çalışıram. Gələn il "İnter Mayami" ilə mövsümöncəsi məşqə çıxacağam. Əgər 100% hazır olsam, texniki heyətlə birlikdə qərar verəcəyik. Bu, mənim üçün çox önəmlidir. Çünki bu, Dünya Kubokudur. Kuboku yenidən qazanmaq gözqamaşdırıcı olar. Milli komanda ilə oynamaq hər zaman yeni bir röyanı gerçəkləşdirmək kimidir. 

2022 Dünya Çempionatı bütün həyatım boyu arzuladığım bir şey idi. Bu, həm də karyeramda əskik olan bir parça idi. "Barselona" ilə fərdi olaraq qazana biləcəyim hər şeyi qazandığım üçün şanslı idim. Amma düşünürəm ki, dünya çempionu olmaq hər bir futbolçunun arzusudur".

Qeyd edək ki, Lionel Messi 2022 Dünya Çempionatında Argentina yığması ilə çempion olub.