
Messi: “Ronaldo ilə dost deyilik, amma qarşılıqlı hörmətimiz var”
Apasport.az xəbər verir ki, Lionel Messi Klublararası Dünya Çempionatı çərçivəsində keçirilən "İnter Mayami" - "Porto" matçından sonra keçirilən mətbuat konfransında uzun illərdir müqayisə olunduğu portuqaliyalı ulduz Kriştiano Ronaldo ilə münasibətinə aydınlıq gətirib.
Messi bildirib ki, onlar şəxsi olaraq dost olmasalar da, bir-birlərinə qarşı dərin hörmət duyurlar:
“Biz dost deyilik, çünki birgə vaxt keçirmirik. Amma aramızda hər zaman qarşılıqlı hörmət olub. O, hələ də yüksək səviyyədə çıxış edir və buna hörmətlə yanaşıram.”
Təcrübəli futbolçu əlavə edib ki, onların rəqabəti yalnız meydanda olub və bu rəqabət hər iki futbolçunun daha yaxşı performans göstərməsinə səbəb olub.
Qeyd edək ki, "İnter Mayami" - "Porto" matçı MLS təmsilçisinin 2:1 hesablı qələbəsilə başa çatıb. Messi 54-cü dəqiqədə cərimə zərbəsindən vurduğu qolla komandasına 3 xal qazandırıb.