Niklas Süle futbola qayıtdı - 9-cu liqa klubuna keçdi
06.07.2026 - 00:06
Niklas Süle futbola qayıtdı - 9-cu liqa klubuna keçdi

Mövsümün sonunda Dortmund "Borussiya"sından ayrılaraq karyerasını bitirdiyini açıqlayan Niklas Süle yenidən futbola qayıdıb. 

Apasport.az xəbər verir ki, almaniyalı müdafiəçi 9-cu liqa təmsilçisi "SV Tiefenbax"la razılığa gəlib.

“Futbola tamamilə fərqli baxış bucağından yanaşmağı səbirsizliklə gözləyirəm. Burada söhbət işdən və ya puldan yox, yalnız oyunun özündən gedir. Ən yaxın iki dostum "SV Tiefenbax"da oynayır, digər dostum isə komandanın baş məşqçisidir. Peşəkar futbolda keçirdiyim 13 ildən sonra dostlarımla yenidən eyni meydanı bölüşmək və bu gözəl oyundan zövq almaq mənim üçün böyük xoşbəxtlikdir”, - deyə Süle bildirib.

Qeyd edək ki, 31 yaşlı futbolçu karyerası ərzində "Hoffenhaym", "Bavariya" və Dortmund "Borussiya"sının formasını geyinib. O, Almaniya millisinin heyətində isə 53 oyun keçirib.