"Fənərbaxça" ilə matçda birbaşa qırmızı vərəqə ilə cəzalandırılan "Beşiktaş"ın kapitanı Orkun Kökçü rəsmi sosial media hesabından açıqlama yayıb.
Apasport.az xəbər verir ki, türkiyəli yarımmüdafiəçi bu hadisəyə görə təəssüf hissi keçirdiyini dilə gətirib:
"Son bir neçə gündə yaşananları öz içimdə dəyərləndirmək və özümə vaxt ayırmaq istədim. Beşiktaş formasını geyinmək sadəcə meydana çıxmaq demək deyil, milyonların məsuliyyətini daşımaq deməkdir. Baş verənlərdən sonra dərhal danışmaq yerinə, əvvəlcə düşünməyi üstün tutdum. Təəssüf ki, oyunun həyəcanı və emosiyası içində verdiyim qərar komandamızı çətin vəziyyətdə qoydu. Yaşanan hadisəyə görə təəssüf hissi keçirirəm. Amma eyni zamanda bilirəm ki, futbol kollektiv oyundur və nəticələr bir çox amilin birləşməsi ilə formalaşır. Həmin gün bizim üçün bəxtsizliklərin ard-arda gəldiyi bir qarşılaşma idi. Əlbəttə, danışılacaq çox məqam var, məsələn, o ana qədər meydanda necə üstün oyun sərgilədiyimiz. Bu da, əslində, istədiyimiz zaman nələrə qadir olduğumuzu göstərən güclü bir nüans idi. Bəzən çox istəmək, səhv etməyə səbəb ola bilir. Bu hadisə mənim üçün önəmli bir dərs oldu. Hamımız yaxşı bilirik ki, çətin bir dövrdən keçirik. Amma biz böyük bir ailəyik və problemlərimizi də bu ailənin içində birlikdə həll etməyi bacarırıq. Xaricdən gələn səslərə fikir vermədən yolumuza davam edəcəyik. Mən də baş verənlərdən nəticə çıxararaq komandama ən faydalı şəkildə qayıtmaq üçün əlimdən gələnin daha artığını edəcəyəm. Mənə dəstək olan, tənqid edən və bu komandanın böyüklüyünü bir daha hiss etdirən hər kəsə təşəkkür edirəm".
Qeyd edək ki, "Beşiktaş" - "Fənərbaxça" matçı "sarı-lacivərdlilər"in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.