
Çinə məxsus Honkonqda “Əl-Nəsr” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldoya həsr olunmuş muzey açılıb.
Apasport.az xəbər verir ki, muzey K11 İncəsənət və Mədəniyyət Mərkəzində yerləşir və burada 40 yaşlı portuqaliyalının karyerası ilə uğurlarını əks etdirən əşyalar, o cümlədən 2008-ci ildə qazandığı "Qızıl top" mükafatı sərgilənir.
Muzeydə təxminən 40 eksponatın olduğu qeyd edilir. Ziyarətçilər Ronaldonun uşaqlıq illərində Lissabondakı otağının surətini də görə bilərlər, VIP bilet sahibləri isə Kriştianunun yutub videolarını çəkdiyi studiyalara daxil olmaq imkanına malikdirlər.
Təşkilatçılar portuqaliyalı superulduzun yaxın vaxtlarda muzeyi şəxsən ziyarət edəcəyini bildiriblər. Sərgi 2026-cı ilin iyun ayına qədər fəaliyyət göstərəcək və daha sonra Çinə köçürüləcək.