Türkiyə Futbol Federasiyası yeni mövsümdən etibarən Superliqada tətbiq olunacaq qaydaları açıqlayıb.
Apasport.az xəbər verir ki, dəyişikliklər oyun vaxtının səmərəli istifadəsi, əvəzetmələr, zədələr və VAR müdaxilələri ilə bağlıdır.
Yeni qaydaya əsasən, hakim əvəzetmə işarəsini verdikdən sonra meydanı tərk edən futbolçu bunu 10 saniyə ərzində etməlidir. Oyunçu vaxtında meydandan çıxmasa, onu əvəzləyən futbolçu oyun bərpa olunduqdan sonra bir dəqiqə ərzində meydana daxil ola bilməyəcək.
Oyunun dayanmasına səbəb olan zədəli futbolçu isə müəyyən istisnalar xaricində qarşılaşma bərpa edildikdən sonra bir dəqiqə meydandan kənarda qalacaq.
Oyunun yenidən başlamasının yubadılmasının qarşısını almaq məqsədilə hakim fit verdiyi andan beş saniyəlik geri sayım başlayacaq. Aut atışı gecikdirilərsə, top rəqib komandaya veriləcək. Qapı zərbəsinin yubadılması halında isə rəqibin xeyrinə künc zərbəsi təyin olunacaq.
VAR sistemi açıq-aşkar səhv ikinci sarı vərəqə nəticəsində göstərilən qırmızı vərəqə, səhv təyin olunan künc zərbəsi, standart vəziyyətlər zamanı top oyuna daxil edilməzdən əvvəl baş verən və qol və ya penalti ilə nəticələnən qayda pozuntuları, həmçinin hakimin yanlış futbolçuya cəza verməsi hallarında müdaxilə edə biləcək.
Futbolçuların ağızlarını əlləri ilə örtərək danışması sarı vərəqə ilə qiymətləndiriləcək. Matçdan sonrakı araşdırma zamanı gizlədilən ifadələrin təhqir xarakterli olduğu sübuta yetirilərsə, intizam komitələri əlavə cəza tətbiq edə biləcək.
Sərinləmə fasilələri yalnız temperatur 32 dərəcə və daha yüksək olduqda veriləcək. Hakim hər hissədə bu fasilənin üç dəqiqədən artıq çəkməməsinə nəzarət edəcək.
Qeyd edək ki, Türkiyə Superliqasında 2026/2027 mövsümünün ilk oyunu avqustun 14-də keçiriləcək. Açılış matçında son çempion "Qalatasaray" öz meydanında "Çorum FK" ilə üz-üzə gələcək.
- "Qalatasaray"dan Bremerə təklif – İllik 8 milyon avro
- Olise ilə bağlı qalmaqal – 20 aylıq qızı var imiş
- Lemina ilə razılıq əldə olundu – "Qalatasaray" müqaviləni uzadır
- Kyellinidən Ronaldo etirafı – "Mənim üçün bütün zamanların ən yaxşısıdır"
- "Yuventus"un yeni səfər forması – Çəhrayı rəng geri döndü - FOTO