[b]“Akkrinqton Stenli”? Onlar kimdi?[/b]
01.05.2018 - 16:52
[b]“Akkrinqton Stenli”? Onlar kimdi?[/b]

“Akkrinqton Stenli” İngiltərənin ən aşağı büdcəli komandalarından biridi. Ancaq buna baxmayaraq, heç kimin şans vermədiyi bu komanda çempionatın bitməsinə dörd həftə qalmış tarixində ilk dəfə peşəkar səviyyədə üst liqaya yüksəlməyi bacardı.

 

“Akkrinqton Stenli” 128 il əvvəl işçi sinfinin üstünlük təşkil etdiyi Lankaşirda yaranıb. Bu qədər uzun keçmişə sahib bir komandanın kolleksiyasında saysız-hesabsız kubok ola bilərdi, ancaq əvəzində, onlar üçün xatirələr və tozlu şəkillər var. Çünki tarixləri ərzində professional olaraq çempion olduqları bir mövsüm və qazandıqları bir titul yoxdu.

 

Əslində, klub olaraq, heç bir şey qazanmamaqla da kifayətlənməyiblər. Bununla yanaşı, “Akkrinqton Stenli” 1962-ci ildə yaşadığı iqtisadi böhran səbəbindən liqadan uzaqlaşmaq məcburiyyətində qalır. Hətta 1961-62 mövsümündə komandanın qapısını qoruyan və o mövsüm bütün matçlarda meydana çıxan tək oyunçu olan Aleks Smit bir başqa Lankaşir klubu – “Bolton”dan gələn təklifi qəbul edir. Uzun müddət çətinliklərlə boğuşan “qırmızı bayquşlar” 1968-ci ildə yenidən həvəskar liqalara qayıdır. Ancaq o qədər tanınmayan və gözardı edilən bir klub idilər ki, bəlkə də, bu səbəbdən özlərini ancaq bir reklam sayəsində tanıtdıra bildilər.

 

 

Yuxarıda bəhs etdiyim reklam 1980-ci illərin İngiltərəsində iki “liverpul”lu uşağın çəkildiyi bir süd markasının reklamı idi. Uşaqlar arasında belə bir dialoq yaşanır:

 

  • İan Raş mənə süd içməsəm, sadəcə “Akkrinqton Stenli”ni uda biləcək qədər güclü bir uşaq olacağımı dedi.
  • “Akkrinqton Stenli”? Onlar kimdi?
  • Eyniylə, onlar kimdi?

 

Reklamın yayımlanması ilə “Accrington Stanley, who are they?” (“Akkrinqton Stenli” kimdi?”) sloqanı xeyli populyarlaşdı. Hətta bu şüara dair bir vikipediya səhifəsi də var. Ancaq bu reklamda “Akkrinqton Stenli”nin adının keçməsi onlar adına o qədər də qürur duyulası bir şey deyil. Sadəcə gözardı edilən klub olmaları və professional bir liqada çıxış etmədikləri üçün bu reklamda adları keçirdi.

 

 “Qırmızı bayquşlar” hələ də İngiltərənin professional liqalarında mübarizə aparan komandalar arasında ən aşağı büdcəyə sahib olanlardan biridi. Ancaq adanın ən balaca klublarından biri olmaları onların bənzərinə rastlaşmadığımız uğura imza atmalarına və gələcəyə ümidlə baxmalarına əngəl deyil.

“Akkrinqton”un professional liqaya yüksəlməsi üçün çox uzun müddət lazım gəldi. Belə ki, ən aşağı səviyyədən professional liqaya – Liqa 2 – keçdiklərində illərdən 2006 idi. Yəni 44 ilə qədər uzanan bir həvəskar perioddan bəhs edirik. O gündən bu günə həmişə eyni liqada, İngiltərə Liqa 2-də (dördüncü səviyyə) oynadılar. Nə aşağı diviziona düşüb, həvəskar oldular, nə də yüksələ bildilər – ta ki, sehrli nağılları andıran 2017-2018 mövsümünə kimi.

 

Əslində, keçirdikləri transformasiyanı daha yaxşı anlatmaq üçün 1999-cu ilə komandanın başına Con Kolmanın keçdiyi günlərə qayıtmaq lazımdı. Kolman 2006-cı ildə komandanı professional səviyyəyə çıxarmağı bacardı və 2012-ci ilə qədər “Akkrinqton”da qaldı. İlin sonunda klubu tərk edəcəyini açıqlayaraq, şəhər əhalisini üzsə də, bu ayrılıq uzun müddət davam etmədi. 2014-cü ildə insanların qəlbində hər zaman fərqli bir yerə sahib olan Kolman yenidən komandanın başına keçdi. 2016-cı ildə əllərinə keçən bir üst liqaya yüksəlmək fürsətini son anda qaçırdılar. Kolman hələ də o günləri tez-tez xatırladığını deyir: “O günlərdə yaşadıqlarımız, liqaya yüksəlmə fürsətini əldən verməyimiz, zədələr... - çox kədərli günlər idi. Hələ də o günləri yaddan çıxarmağa çalışıram, ancaq əminəm ki, bu il bütün bunları unutduracağıq”.

 

“Akkrinqton Stenli” geridə qalan həftələrdə liqanın bitməsinə 4 tur qalmış “Yovil Taun”la evdə oynadıqları matçdan Billi Kinin dublu sayəsində qalib ayrılaraq, Birinci liqaya (sayca üçüncü divizion) yüksəlməyi təmin elədi. Bu qələbədən öncə də, oynadıqları 19 matçdan 16-da qələbə qazanaraq nə qədər istəkli olduqlarını göstərmişdilər.

 

“Yovil Taun” matçının bitdiyini göstərən fit səsiylə azarkeşlərin coşması bir ana təsadüf edirdi. Bəzi fanatlar meydana daxil olaraq, bu anları futbolçularla birgə keçirməyə üstünlük verərkən, digərləri isə tribunalarda sevinirdilər. Yaşı bir az çox olanlar 5 min nəfərlik “Vam Qraund”dakı (köhnə adı “Kraun Qraund”) oturacaqlarında, yəqin ki, köhnə günlərin xatirələrini gözlərinin önünə gətirir, o anlardan bəhs edirdilər. Bütün bu söhbətlərin başlanğıc nöqtəsi isə güman ki, 80-lərdəki “Akkrinqton Stenli”? Onlar kimdi?” sloqanı idi.

 

Yazı: Kaan Demirel (Socrates jurnalı)

Tərcümə: Rüfət Məcid (Apasport)

0