Fransanın paytaxtı Parisdə keçirilən “Xüsusi Olimpiya Birləşmiş Futbol Dünya Kuboku Paris 2026” turnirinin rəsmi açılış mərasimi baş tutub.
Apasport.az xəbər verir ki, 6–11 iyul tarixlərini əhatə edən turnirdə 23 ölkədən 24 komanda – 12 kişi və 12 qadın komandası mübarizə aparır. Yarışın əsas məqsədi inklüziv idmanın inkişafına töhfə vermək, bərabər imkanları təşviq etmək və sosial inteqrasiyanı gücləndirməkdir.
Açılış mərasiminin ən yaddaqalan məqamlarından biri idmançıların Paradı olub. Parad zamanı 23 ölkəni təmsil edən 324 futbolçu Şarleti stadionunda yürüş edib. Onlar yüzlərlə azarkeş, ailə üzvləri, fəxri qonaq, dövlət nümayəndəsi, könüllü və turnirin tərəfdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.
Açılış mərasiminin ardından turnirin ilk oyunları keçirilib.
Azərbaycan turnirdə Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsinin qadınlardan ibarət “Birləşmiş Futbol” (Unified Football) yığma komandası ilə təmsil olunur. 11 nəfərlik yığmamız B qrupunda Namibiya, ABŞ və Qvatemala komandaları ilə mübarizə aparacaq.
Yığmamız ilk oyununu iyulun 7-də saat 10:00-da Namibiya millisinə qarşı keçirəcək. Komanda həmin gün saat 13:00-da ABŞ yığması ilə üz-üzə gələcək. Qrup mərhələsində son oyun isə iyulun 8-də saat 10:00-da Qvatemala millisinə qarşı baş tutacaq.