Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı
22.07.2026 - 14:08
Zaniolo “Udineze”də qaldı – “Qalatasaray”dan birdəfəlik ayrıldı

Nikolo Zaniolo ötən mövsümü icarə əsasında keçirdiyi “Udineze”də qalacaq.

Apasport.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb. 27 yaşlı futbolçu ilə 3+1 illik müqavilə imzalanıb.

“Udineze” Zaniolonun müqaviləsindəki satınalma hüququndan istifadə edərək onun transfer hüququnu “Qalatasaray”dan alıb.

İtaliya təmsilçisi bu keçid üçün İstanbul klubuna 5 milyon avro ödəyəcək.

Razılaşmaya əsasən, italiyalılar futbolçunu gələcəkdə satacağı halda əldə olunacaq gəlirin 50 faizini Türkiyə klubuna verəcək.

Zaniolo 2023-cü ilin fevralında “Roma”dan 15 milyon avro qarşılığında “Qalatasaray”a keçmişdi. Onun Türkiyə klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədə idi.

Lakin italiyalı futbolçu İstanbul təmsilçisində möhkəmlənə bilmədiyi üçün “Aston Villa”, “Atalanta”, “Fiorentina” və son olaraq “Udineze”də icarə əsasında çıxış edib.

Qeyd edək ki, “Udineze” Zaniolonu ötən mövsüm 2,5 milyon avro icarə haqqı qarşılığında heyətinə qatmışdı. Futbolçu Udine təmsilçisiylə bütün turnirlərdə çıxdığı 34 oyunda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.