İyulun 8-9-da Avropa Şurası Gender Bərabərliyi Komissiyasının 17-ci iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, videokonfrans formatında keçirilən iclasda 2018-2023-cü illər Gender Bərabərliyi Strategiyası, COVID-19 pandemiyasının yaratdığı böhranın qadınlar və gender bərabərliyinə təsiri və digər mövzular müzakirə edilib.
Tədbirdə iştirak edən Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli çıxış edib. Ş. Hüseynli bildirib ki, antidopinq sahəsində son illərdə gender bərabərliyinin təmin olunmasında tərəqqi nəzərə çarpsa da, effektiv bərabərliyin təmin edilməsi üçün fəaliyyətin gücləndirilməsinə ehtiyac var.
Yeri gəlmişkən, Şəfəq Hüseynli Avropa Şurasının CAHAMA çərçivəsində “Antidopinq Sahəsində Gender Bərabərliyinin İnkişafı” layihəsinə başlayıb. Layihənin əsas məqsədi antidopinq sahəsində gender bərabərliyini dəstəkləməkdir. Bu layihənin icrası antidopinq təşkilatlarında gender balansı ilə bağlı vəziyyətin və qərarların qəbul edilməsində gender bərabərliyinin nəzərə alınma səviyyəsinin öyrənilməsinə şərait yaradacaq və qarşıya çıxan problemlərin həllinə imkan verəcək.
İki günlük tədbirin sonunda Avropa Şurası Gender Bərabərliyi Komissiyasının 17-ci iclasının yekununa dair sənəd qəbul edilib.
Qeyd edək ki, AMADA-nın direktoru Şəfəq Hüseynli ötən ilin oktyabrında Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 48-ci iclasında qəbul edilmiş qərara əsasən Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib.
- “İronman 70.3 Baku” öncəsi “İronkids” və “Fun Run” keçirilib
- “IRONMAN” Azərbaycanda: 10 il əvvəl başlayan yolun tarixi startı
- Dünya Kubokunun Yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib
- Kembric Universitetinin ekspertləri Azərbaycan İdman Akademiyasında təlimlər keçirəcəklər
- “IRONMAN 70.3”: Bakının bəzi yollarında nəqliyyatın hərəkəti tənzimlənəcək