Ennio Falsoni: “Bakıda möhtəşəm kikboksinq turniri keçirməyi planlaşdırmışıq”
29.03.2008 - 13:32
Ennio Falsoni: “Bakıda möhtəşəm kikboksinq turniri keçirməyi planlaşdırmışıq”
Öncə çıxış edən AKMF prezidenti, millət vəkili Adil Əliyev bildirib ki, peşəkarlar arasında çempionatın keçirilməsi zərurətə çevrilib: “Hər il ölkəmizdə həvəskarlar arasında müxtəlif turnirlər təşkil olunur. Lakin bu il WAKO-nun qəbul etdiyi qərara əsasən, ayrı-ayrı ölkələrdə 5 çəki dərəcəsində peşəkarların çempionatının keçirilməsi vacibdir”. A.Əliyevin sözlərinə görə, kikboksinqçilərimizin peşəkarlığı artdığından belə yarışın təşkili təqdirəlayiq haldır. Federasiya prezidenti Avropa çempionu və “İnterkontinental” kəməri uğrunda döyüşlərə qoyulan pul mükafatının məbləğini açıqlamayıb. Daha sonra Ennio Falsoni Azərbaycana səfər təəssüratlarını bölüşüb. WAKO-dakı 30 illik fəaliyyəti zamanı Bakıya ilk dəfə təşrif buyurduğunu deyən qonaq idmançılarımızın qazandıqları uğurlardan xəbərdar olduğunu vurğulayıb: “Fikrimcə, indi Azərbaycana gəlməyim üçün ən uyğun vaxt idi. Çünki 2001-ci ildən etibarən Adil Əliyevin rəhbərliyi altında Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyası uğurlu fəaliyyət göstərir. Azərbaycan kikboksinqçiləri heç də bəxt sayəsində nailiyyətlər qazanmayıblar. Onların layiq görüldükləri medallar federasiya rəhbərliyinin məqsədəuyğun fəaliyyətinə bariz nümunədir”. E.Falsoni gələcəkdə Bakıda möhtəşəm kikboksinq turnirinin keçirilməsinin planlaşdırıldığını söyləyib: “Səfər zamanı Azərbaycan Kikboksinq və Muey-Tay Federasiyasının nəyə qadir olduğunu daha aydın şəkildə görəcəyik. Hər halda, burada möhtəşəm kikboksinq turniri keçirməyi nəzərdə tutmuşuq”.
Qeyd edək ki, ölkə çempionatı sabah Bakı İdman Sarayında baş tutacaq. Həmçinin, həmyerlilərimiz Eduard Məmmədov (60 kq) “İnterkontinental” kəmərinin müdafiəsi uğrunda döyüşdə Oskar Rueza (İspaniya), Hafiz Baxşəliyev (+91 kq) isə Avropa çempionu kəməri uğrunda görüşdə Vitali Vikulovla (Rusiya) qarşılaşacaq.
0