Azərbaycan milli komandasının baş məşqçisi: “Vəhhabiliyi, sadvalçılığı və narkomaniyanı yayanları milli komandadan uzaqlaşdırmışıq” - FOTOSESSİYA
29.03.2008 - 16:41
Azərbaycan milli komandasının baş məşqçisi: “Vəhhabiliyi, sadvalçılığı və narkomaniyanı yayanları milli komandadan uzaqlaşdırmışıq” - FOTOSESSİYA
A.Axundzadə bildirib ki, aprelin 11-dən 13-dək Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək Avropa çempionatına aparılacaq heyətin müəyyənləşməsi zamanı bəzi narazılıqlar üzə çıxıb: “Ancaq belə hallara fikir vermək lazım deyil. Qitə birinciliyində yaxşı fiziki formada olan, eyni zamanda öz çəkisində bir nömrəli cüdoçu ölkəmizi təmsil edəcək”. Baş məşqçinin sözlərinə görə, yığmamız Pekin Yay Olimpiya Oyunlarına 6 lisenziya qazana bilər: “Artıq Elnur Məmmədli vəsiqəyə sahib çıxıb. Avropa çempionatında isə Ramil Qasımov, Mehman Əzizov, Elxan Məmmədov, Mövlud Mirəliyev və Kifayət Qasımovanın da lisenziya əldə edəcəyinə ümidvarıq. Çünki onların hamısı olimpiya xallarına malik cüdoçuların reytinq cədvəlində yaxşı mövqelərdə qərarlaşıblar”.
Jurnalistlərin cüdoçuları haqsız tənqid etdiklərini vurğulayan A.Axundzadə belə hərəkətlərin yolverilməz olduğunu bildirib. O, media nümayəndələrini milli komandanın üzvlərini tənqid etməkdənsə, onların məişət problemləri ilə maraqlanmağa çağırıb: “Yaxşı olardı ki, cüdoçuların hansı şəraitdə məşq keçməsi, sosial-məişət problemləri barədə məqalələr yazılsın. Biz apreldə Avropa çempionatına, 4 aydan sonra isə olimpiadaya yollanacağıq. Bu yarışlar ərəfəsində yığmaya uğurlar arzulamaq, cüdoçuları ruhlandırmaq lazımdır”.
A.Axundzadə müxtəlif rayon rəhbərliyi tərəfindən də milli komandaya diqqət göstərilməməsindən şikayətlənib: “Adətən yığmada Bakı idmançıları üstünlük təşkil edir. Afina Yay Olimpiya Oyunlarında iştirak edən cüdoçularımızdan yalnız biri - Mövlud Mirəliyev Gəncədən idi. İndi Gəncənin daha bir təmsilçisi Ramil Qasımov da yığmadadır. Lakin onların heç birini bayramlarda və ya turnirlərdən sonra yada salan yoxdur. Gəncədə bu cüdoçuları qəbul edən, problemlərini dinləyən tapılmadı”.
50 yaşlı çalışdırıcı son zamanlar milli komanda ətrafında dolaşan söz-söhbətlərə də aydınlıq gətirib: “Cüdoçular arasında vəhhabiliyi, sadvalçılığı və narkomaniyanı yayanlar var idi. Biz onları yığmadan uzaqlaşdırmışıq. Konkret ad çəkmək istəmirəm. Amma unutmaq lazım deyil ki, bu addımı atarkən idmançıların mənəvi, fiziki, psixoloji durumu ilə yanaşı, dövlətçiliyi də nəzərə almışıq”.


























0