Mirkamil Rəhimov: “Söz verirəm ki, Pekin olimpiadasına 6 cüdoçumuz lisenziya qazanacaq”
29.03.2008 - 17:44
Bakı. Aqşin Əliyev-APA-Sport. “Söz verirəm ki, Pekin olimpiadasına 6 cüdoçumuz lisenziya qazanacaq. Avropa çempionatı öncəsi araşdırma aparmışıq. Potensial rəqiblərin reytinqini, idmançılarımızın fiziki durumunu nəzərə alaraq, belə nəticəyə gəlmişik ki, qitə birinciliyində daha 5 cüdoçumuz Yay Olimpiya Oyunlarına vəsiqəni təmin edəcək”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri keçirdiyi mətbuat konfransında Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) idman şöbəsinin müdiri Mirkamil Rəhimov deyib. Cüdo yığmamızda legionerlərin yer almamasını müsbət hal kimi qiymətləndirən M.Rəhimov mümkün istefalar barədə danışmağın tez olduğunu söyləyib: “Uğurlar və uğursuzluqlar haqqında indidən danışmaq çox tezdir. Bu gün kimisə tənbeh etmək fikrində deyilik. Təbii ki, Pekin olimpiadasından sonra nəticələr müzakirə olunacaq, müəyyən tədbirlər görüləcək”. AGİN rəsmisi milli komandanın baş məşqçisi Ağayar Axundzadəyə dəstək verdiyini gizlətməyib: “Ağayar Axundzadə Pekin olimpiadasının sonunadək baş məşqçi vəzifəsini icra edəcək”. M.Rəhimov cüdoçuların il ərzində həddən artıq fiziki yüklənməyə məruz qaldıqlarını bildirib. Onun sözlərinə görə, milli komanda üzvlərinin xarici səfərləri turistik xarakter daşımır: “Cüdoçular ilin demək olar, 300 gününü xaricdə olurlar. İnanın ki, onlar xaricə gəzməyə getmirlər. Daima təlim-məşq toplanışında, yarışlarda iştirak edirlər. Ailələrini, evlərini ataraq, millət naminə əllərindən gələni edirlər. Döşək üzərinə çıxanda az qala o dünyanı görüb gəlirlər. Bütün bunları dəyərləndirmək, onlara qiymət vermək lazımdır”. Şöbə müdiri ötən olimpiadalarla müqayisə apararaq, nəticələrin yaxşılaşdığını söyləyib: “Sidneydə 4, Afinada 3 cüdoçumuz mübarizə aparmışdısa, Pekində onların sayı 6-ya çatacaq. Şübhəsiz ki, bu, inkişafın göstəricisidir”.
0
0