Yaqub Eyyubov Milli Olimpiya Komitələri Assosiasiyasının XVI Baş Assambleyasına yollanacaq
29.03.2008 - 18:52
Bakı. Elşən Məmmədov-APA-Sport. Azərbaycan nümayəndə heyəti aprelin 7-də Çinin paytaxtı Pekində start götürəcək Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) XVI Baş Assambleyasında iştirak edəcək. Bu haqda “APA-Sport” agentliyinə Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov məlumat verib. Onun sözlərinə görə, dörd gün davam edəcək toplantıya 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürmüş şəhərlərin Təşkilat Komitələrinin rəsmiləri dəvət alıblar. Belə ki, 7 iddiaçı - Bakı, Doha (Qətər), Praqa (Çexiya), Madrid (İspaniya), Tokio (Yaponiya), Çikaqo (ABŞ) və Rio-de-Janeyro (Braziliya) şəhərlərinin hər birindən Pekinə 4 nümayəndə çağırılıb. Ölkəmizdən ANOC-un Baş Assambleyasına “Bakı-2016”nın Təşkilat Komitəsinin sədri, baş nazirin I müavini Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və “Bakı-2016”nın Təşkilat Komitəsinin baş katibi, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov yollanacaqlar. İ.Mədətov toplantı çərçivəsində bir sıra görüşlərin də nəzərdə tutulduğunu bildirib.
0
0