Azərbaycan yığmasının ukraynalı legioneri Avropa çempionatına aparılmaya bilər
30.03.2008 - 10:27
Bakı. Elşən Məmmədov-APA-Sport. Sərbəst güləş üzrə Azərbaycanın qadınlardan ibarət milli komandası Quba Olimpiya Kompleksində keçirdiyi təlim-məşq toplantısını başa vuraraq, Bakıya qayıdıb. Bu haqda “APA-Sport” agentliyinə yığmanın baş məşqçisi Nazim Əlicanov məlumat verib. Onun sözlərinə görə, on gün davam edən toplanış aprelin 1-də Finlandiyanın Tampere şəhərində start götürəcək 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatına hazırlıq məqsədi daşıyıb. Tampereyə sabah axşam yola düşəcəklərini söyləyən N.Əlicanov qitə birinciliyində 7 mümkün çəkidən 6-da təmsil olunmağı düşündüklərini bildirib. 51 kq çəkidə layiqli idmançı olmadığı üçün heç kimə şans verməyəcəklərini deyən baş məşqçinin sözlərinə görə, 55 kq-da milliyə yeni cəlb olunan ukraynalı legioner Alyona Komarovanın da qarşıdakı yarışa yollanması sual altına düşüb: “Alyona qripə yoluxmuşdu. Bu xəstəlik onda qaymorit əmələ gətirib. Ona görə də qitə birinciliyinə aparılması sual altına düşüb. Hər şeyə sabah Komarovanın Mərkəzi Klinik Xəstəxanada keçəcəyi müayinədən sonra aydınlıq gələcək”. N.Əlicanov qitə birinciliyində qarşılarına qoyulan məqsədi də açıqlayıb: “Ötən il Bakıda keçirilən dünya çempionatında Pekin Olimpiadasına 4 mümkün lisenziyadan 3-ünü qazanmışdıq. Yalnız 72 kq çəkidə lisenziyamız yoxdur. Ona görə də Zümrüd Qurbanhacıyevanın bu çəkidə uğurla çıxış edərək, yeganə vəsiqəyə sahib çıxacağına ümid edirik. Bundan başqa, qitə birinciliyindən ən azı iki medal gözləyirik. Daha çox Mariya Stadnikə ümid bəsləyirik. Elvira Mürsəlova və Olesya Zamulanın da mükafata layiq yerlərdən birini tutacağına inanırıq”.
Qeyd edək ki, Avropa çempionatına Mariya Stadnik (48 kq), Alyona Komarova (55 kq), Elvira Mürsəlova (59 kq), Olesya Zamula (63 kq), Mariya Kaçina (67 kq) və Zümrüd Qurbanhacıyevanın (72 kq) aparılması nəzərdə tutulub.
Qeyd edək ki, Avropa çempionatına Mariya Stadnik (48 kq), Alyona Komarova (55 kq), Elvira Mürsəlova (59 kq), Olesya Zamula (63 kq), Mariya Kaçina (67 kq) və Zümrüd Qurbanhacıyevanın (72 kq) aparılması nəzərdə tutulub.
0
0