Sabah Finlandiyanın Tampere şəhərində güləşi üzrə növbəti Avropa çempionatının startı veriləcək
31.03.2008 - 17:54
Sabah Finlandiyanın Tampere şəhərində güləşi üzrə növbəti Avropa çempionatının startı veriləcək
Bakı. Elşən Məmmədov-APA-Sport. Sabah Finlandiyanın Tampere şəhərində sərbəst, yunan-Roma və qadın güləşi üzrə Avropa çempionatının startı veriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, altı gün davam edəcək qitə birinciliyi 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Sərbəst və yunan-Roma güləşində 55, 66, 66, 74, 84, 96 və 120, qadın güləşində isə 48, 51, 55, 59, 63, 67, 72 kq çəki dərəcələrində görüşlər keçiriləcək. Kişilərin mübarizəsində bütün çəkilərdə, qadınların yarışında isə 48, 55, 63 və 72 kq çəkilərdə Pekin Olimpiadasına vəsiqə veriləcək. Hər çəkidə yalnız bir ölkənin güləşçisi Olimpiadaya qatılmaq imkanı əldə edəcək.
Ölkəmizi sərbəst güləşçilərin mübarizəsində Abil İbrahimov (55 kq), Allahverdi Vəliyev (60 kq), Emin Əzizov (66 kq), Çamsulvara Çamsulvarayev (74 kq), Novruz Temrezov (84 kq), Xetaq Qazyumov (96 kq) və Əli İsayev (120 kq) təmsil edəcək. Yarışın ilk günündə döşək üzərinə A.İbrahimov, E.Əzizov, N.Temrezov və Ə.İsayev çıxacaq. Aprelin 2-də isə A.Vəliyev, Ç.Çamsulvarayev, X.Qazyumov qüvvəsini sınayacaq. Ertəsi gün qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Əvvəlcə yığmamızın üzvlərindən Elvira Mürsəlova (59 kq) və Mariya Kaçina (67 kq) güləşəcək. Aprelin 4-də isə Mariya Stadnik (48 kq), Olesya Zamula (63 kq) və Zümrüd Qurbanhacıyeva (72 kq) döşək üzərinə çıxacaq. Ertəsi gün yunan-Roma güləşçilərimizdən Rövşən Bayramov (55 kq), Hüsaməddin Rəcəbov (66 kq) və Anton Botev (120 kq) qüvvəsini sınayacaq. Avropa çempionatının sonuncu günündə Fuad Əliyev (60 kq), İlqar Abdulov (74 kq) və Denis Mişin (96 kq) mübarizə aparacaq.
0