Eduard Məmmədov: “Döyüşü vaxtından tez başa vurmaq istəyirdim”
01.04.2008 - 10:44
Bakı. Elşən Məmmədov-APA-Sport. “Oskar Rueda ilə görüşüm çox ağır keçdi. Rəqib güclü idi. Amma tribunalarda xeyli azarkeşin məni dəstəklədiyini nəzərə alaraq, gözəl döyüş keçirməyə çalışdım”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İntercontinental WAKO-Pro” kəmərinin müdafiəsi uğrunda döyüşdə ispaniyalı Oskar Ruedanı məğlub edən Azərbaycan kikboksçusu Eduard Məmmədov deyib. 60 kq çəki dərəcəsində həvəskarlar arasında 7 qat dünya çempionu “İntercontinental WAKO-Pro” kəmərini özündə saxladığı üçün xeyli məmnun olduğunu bildirib: “Sevinirəm ki, kəməri qorumaqla yanaşı, azarkeşlərə böyük sevinc bəxş etdim. Rəqibim istəyirdi ki, məni döyüşün sonlarına yaxın yorsun və öz döyüşünü nümayiş etdirərək, qələbə qazansın. Amma mən onun hiyləsinə uymadım. Nəticədə xal hesabı ilə qələbə qazandım”. İlk raunddaca ispaniyalı rəqibini noqdauna salan E.Məmmədovun sözlərinə görə, görüşün taleyini tezliklə həll etməyi özü istəməyib. Səbəb onun azarkeşlərə maraqlı döyüş izlətdirmək niyyəti olub: “Düzdür, əvvəlcə istəyirdim ki, döyüşü vaxtından tez başa vurum. Amma sonradan azarkeşlərə bütün texnikamı nümayiş etdirmək üçün sonadək vuruşmağı qərara aldım”. E.Məmmədov, həmçinin bu il 8-ci dəfə dünya çempionu titulunu qazanmaq istədiyini açıqlayıb.
- Kamandan oxatma üzrə Azərbaycan birinciliyi və çempionatı yekunlaşıb - FOTO
- Natiq Fazilov: “Məqsədimiz MDB Oyunlarında ən azı iki medal qazanmaqdır”
- Anar Quliyev: “Kamandan oxatma üzrə yarışlar gələcəkdə rayonlarda da keçirilə bilər”
- Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyinin final mərhələsi keçirilir - FOTO
- "Təhlükəsiz idman hamı üçün" mövzusunda keçirilən seminara yekun vurulub
0
0