Azərbaycan qadın güləşçilərinin Avropa çempionatında rəqibləri müəyyənləşib
02.04.2008 - 18:28
Azərbaycan qadın güləşçilərinin Avropa çempionatında rəqibləri müəyyənləşib
Tampere. Elşən Məmmədov-APA-Sport. Finlandiyanın Tampere şəhərində keçirilən 2008-ci il Pekin Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa çempionatında sabah qadın güləşçilərin mübarizəsinə start veriləcək. «APA-Sport» agentliyinin məlumatına görə, qitə birinciliyində Azərbaycan 7 mümkün çəkidən 5-də təmsil olunacaq. Əvvəlcə güləşçilərimizdən Elvira Mürsəlova (59 kq) və Mariya Kaçina (67 kq) döşək üzərinə çıxacaq. Bu gün atılan püşkə əsasən, E.Mürsəlova mübarizəyə 1/8 final mərhələsindən başlayacaq. O, ilk görüşünü polşalı Aqata Pietrjikə qarşı keçirəcək. Digər idmançımız Mariya Kaçina üçün püşkü əlverişli saymaq olar. Belə ki, 1/8 final mərhələsini rəqibsiz adlayacaq M.Kaçina ¼ finalda avstriyalı Stefani Mayerhoferlə üz-üzə gələcək. Qalan 3 qadın güləşçimiz - Mariya Stadnik (48 kq), Olesya Zamula (63 kq) və Zümrüd Qurbanhacıyeva (72 kq) döşək üzərinə aprelin 4-də çıxacaqlar.
0