Fazil Məmmədov: “Ermənilərin əlindən üç medal almaq böyük nailiyyətdir” - FOTOSESSİYA
09.04.2008 - 17:11
Fazil Məmmədov: “Ermənilərin əlindən üç medal almaq böyük nailiyyətdir” - FOTOSESSİYA
“APA-Sport” agentliyinin məlumatına görə, görüşdə F.Məmmədov 2 qızıl, 1 gümüş və 4 bürünc medal qazanan pəhləvanlarımızın vətənə alnıaçıq-üzüağ qayıtdıqlarını bildirib. O, özü və ölkə prezidenti İlham Əliyevin də adından təbriklərini çatdırıb. Nazir əldə edilən uğurun gələcək nailiyyətlərin başlanğıcı olmasını arzulayıb. Ümumi komanda hesabında üçüncü yeri tutan sərbəst güləş yığmamızın çox böyük uğura imza atdığını söyləyən F.Məmmədov millimizin ikinci yeri tutmaq şansının da olduğunu deyib: “Siz ümumi hesabda ikinci də ola bilərdiniz. Hamımız Xetaq Qazyumovun rusiyalı ilə görüşünə baxdıq. Orada nə baş verdiyindən xəbərdar idik. Amma bu, idmandır. Heç nəyi dəyişmək olmaz”. Nazir idmançılarımızdan Rövşən Bayramov, Emin Əzizov və Novruz Temrezovun Ermənistan güləşçilərini məğlub edərək, mükafata layiq yerlər tutmasını xüsusi vurğulayıb: “Bilirsiniz, bizimlə Ermənistan arasında nə baş verdiyini başqalarına izah etmək asan deyil. Bu məsələnin mahiyyətini Beynəlxalq Güləş Federasiyaları Assosiasiyası, digər millətlər, hətta ATƏT anlamır. Amma bu, Azərbaycan üçün həssas məsələdir. Ermənilərin əlindən üç medalı almaq böyük nailiyyətdir”. Bununla belə, nazir güləşçilərimizin potensialının daha böyük olduğunu vurğulayıb. Onun sözlərinə görə, fikirlərini qitə çempionatında göstərilən nəticələr də sübuta yetirir. F.Məmmədov pəhləvanlarımızın qarşıdakı Olimpiya lisenziyalı yarışlarda güləşçilərimizin Pekin Olimpiadasına tam heyətlə qatılmaq üçün mübarizə aparacaqlarına inam ifadə edib.
Sonda nazir qitə birinciliyində qızıl medal qazanan Rövşən Bayramov və Mariya Stadnik, gümüş mükafatçı Elvira Mürsəlova və bürünc medal sahibləri Emin Əzizov, Çamsulvara Çamsulvarayev, Novruz Temrezov və Əli İsayevlə yanaşı, ¼ finalda hakimlərin haqsızlığı üzündən mübarizəni dayandıran Xetaq Qazyumovu, həmçinin milli komandalarımızın məşqçilər heyətini mükafatlandırıb. Öz növbəsində sərbəst güləş millimizin baş məşqçisi Maqomedxan Aratsilov F.Məmmədova güləş forması hədiyyə edib.
































0