Avropa çempionu Mariya Stadnikin atası: “Qızımın şərəfinə Ukrayna himninin çalınmamağına çox üzüldüm”
10.04.2008 - 13:36
Lvov. Vüqar Xeyrullayev - APA-Sport. “Mariyanın çempionluğuna çox sevinib, bunu şampanla qeyd etdik”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri qadınlardan ibarət Azərbaycanın güləş yığmasının heyətində Avropa çempionluğunu qazanan Mariya Stadnikin atası Vasili Stadnik deyib. Qaz idarəsində çilingər işləyən ukraynalı yerli mətbuata açıqlamasında qızının Finlandiyanın Tampere şəhərində qazandığı uğura təkcə sevinməyib: “Qəlbimi o üzürdü ki, niyə Ukrayna belə idmançıya sahib olmaq istəməyib? Niyə mükafatlandırmada bizim himn çalınmır? Qonşularım məni sakitləşdirirdi ki, Mariya düzgün qərar verib. O, bu yolla da Ukraynanı tanıdır”. V.Stadnikin sözlərinə görə, qızı vəsiqə qazandığı Pekin Olimpiadasından sonra ailə həyatı quracaq: “Qızım Lvovda Andrey Stadniklə iki otaqlı evdə yaşayır. Düşünürəm ki, avqustda keçiriləcək Pekin Olimpiadasından sonra onların toyu olacaq. Kürəkənim də məşhur güləşçidir. Təəssüf ki, kəndimizə az-az gəlirlər. Amma yarışlara hazırlaşmalı olduqlarını da yaxşı başa düşürəm”. Avropa çempionunun atası qızına təmsil etdiyi ölkədəki münasibətdən razıdır: “Mariya bəstəboy olduğundan idarə etdiyi “Toyota” markalı avtomobilin sükanı arxasında görünmür. Qızımı Azərbaycanda hamı sevir”.
0
0