Azərbaycan qılıncoynadanları dünya çempionatında 1/32 final mərhələsini adlaya bilməyiblər
10.04.2008 - 14:20
Azərbaycan qılıncoynadanları dünya çempionatında 1/32 final mərhələsini adlaya bilməyiblər
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan qılıncoynadanları İtaliyanın Kataniya şəhərində keçirilən yeniyetmə və gənclər arasında dünya çempionatında uğursuz çıxış edirlər. “APA-Sport” agentliyinin məlumatına görə, bu gün mübarizəyə qoşulan idmançılarımız da fəxri kürsüyə yüksələ bilməyiblər. Sablyaçı oğlanların birinciliyində Yusif Budaqovla Murad Əliyev qrup mərhələsində keçirdikləri 5 görüşün yalnız birində qalib gəlib və müvafiq olaraq 79-cu və 90-cı yeri tutub. Üç qələbə ilə qrup səddini adlayan Namiq Ağarəhimov isə 1/32 finalda mübarizəni dayandırıb. Rusiyalı Nikita Proskuraya 5:15 hesabı ilə məğlub olan həmyerlimiz yarışı 52-ci pillədə başa vurub. Şpaqaçı qızlar arasında mübarizə aparan yeganə təmsilçimiz Elmira Xudaverdiyeva da qrupda keçirdiyi altı görüşün 5-də uduzaraq 96-cı yeri tutub.
Qeyd edək ki, bundan əvvəl sablyaçı qızlarımızdan, Sevinc Bünyatova 68-ci, Aidə Ələsgərova 53-cü, Sevil Bünyatova 39-cu olub. Yarışın birinci günündə isə Y.Budaqov yeniyetmələr arasında 54-cü yeri tutub. Qılıncoynadanlarımız qarşıdakı günlərdə komanda birinciliyində çıxış edəcəklər.
0