Azərbaycan üzgüçüləri Mançesterdə keçirilən dünya çempionatında uğursuz start götürüblər
10.04.2008 - 17:15
Bakı. Kənan Həsənov-APA-Sport. Azərbaycan üzgüçüləri İngiltərənin Mançester şəhərində keçirilən IX dünya çempionatında uğursuz start götürüblər. “APA-Sport” agentliyinin məlumatına görə, Vaqif Nəsibovun rəhbərlik etdiyi milli komandamızın dörd üzvü bu nüfuzlu yarışın təsnifat mərhələsində mübarizəni dayandırıb. Oksana Hətəmxanova 50 m məsafəyə brass üsulu üzrə üzməkdə 34-cü yeri tutub. 18 yaşlı həmyerlimiz sabah brass üsulu ilə 100 m məsafəyə yarışda mübarizə aparacaq. Qadın millimizin digər üzvü Natalya Filina 100 m məsafəyə sərbəst üsulla yarışda 44-cü olub. 21 yaşlı üzgüçümüz, həmçinin 50 m məsafəyə sərbəst üsulla üzəcək. Tural Abbasov isə iki məsafədə uğursuzluqla üzləşib. 50 m məsafəyə sərbəst üsulla üzməkdə 86-cı olan 18 yaşlı təmsilçimiz, 100 m məsafəyə arxasıüstə yarışda 53-cü yeri tutub. T.Abbasov həmçinin, arxasıüstə 50 m məsafədə yarışacaq. Sonuncu təmsilçimiz Teymur Quliyev 50 m məsafəyə sərbəst üsulla mübarizəni 62-ci pillədə başa vurub. 20 yaşlı üzgüçümüz qarşıdakı günlərdə 50 m baterflyay və 100 m sərbəst üsulla mübarizə aparacaq.
Qeyd edək ki, O.Hətəmxanova ilə T.Abbasov güzəştli kart sayəsində Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcəklər.
Qeyd edək ki, O.Hətəmxanova ilə T.Abbasov güzəştli kart sayəsində Pekin Yay Olimpiya Oyunlarında çıxış edəcəklər.
0
0