Maqomedxan Aratsilov: “Avropa çempionatında Allahverdi Vəliyevə yox, Namiq Sevdimova şans verməli idim”
10.04.2008 - 17:46
Bakı. Elşən Məmmədov-APA-Sport. “Avropa çempionatında ümumi komanda hesabında ikinci yeri də tuta bilərdik. Bunun üçün bizə əlavə bir qələbə kifayət edirdi. Çünki ikinci pillədə gedən Gürcüstan bizdən cəmi iki xal artıq toplamışdı”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında Azərbaycanın sərbəst güləş millisinin baş məşqçisi Maqomedxan Aratsilov deyib. Onun sözlərinə görə, Finlandiyanın Tampere şəhərində başa çatan Avropa çempionatında 96 kq çəkidə rusiyalı Hacımurad Qatsalovla ¼ final görüşündə Xetaq Qazyumova qarşı haqsızlıq edilməsəydi, güləşçimiz mükafatçılar sırasına düşə və yığmamızın mövqeyini yüksəldə bilərdi. M.Aratsilov digər səbəb kimi aşağı çəkilərdəki güləşçilərimizin uğursuz çıxışını göstərib: “Əgər mən 60 kq çəkidə Allahverdi Vəliyevə deyil, Namiq Sevdimova şans versəydim, nəticə daha uğurlu alınardı. Amma mən Azərbaycan çempionu olduğu üçün Tampereyə Vəliyevi aparmağı daha münasib saydım. Amma etimadımı doğrultmadı. Eyni sözləri 55 kq-da ölkə çempionu Abil İbrahimov haqda da söyləyə bilərəm”. Baş məşqçi 18-20 apreldə İsveçrənin Martini şəhərində start götürəcək Olimpiya təsnifat turnirində N.Sevdimovu 55 kq çəkidə sınayacağını bildirib: “Sevdimovun fiziki və taktiki-texniki hazırlığı məni qane edir. Amma mənəvi-psixoloji baxımdan problemləri var. Çalışırıq ki, bu problemlərini aradan qaldıraq”.
0
0