Teymur Rəcəbovun komandası Rusiya çempionatında liderliyini möhkəmlədib
11.04.2008 - 13:57
Bakı. Kənan Həsənov-APA-Sport. Soçi şəhərində təşkil edilən şahmat üzrə klublararası Rusiya Premyer Liqasında 8-ci turun oyunları baş çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının lideri Teymur Rəcəbovun çıxış etdiyi “Ural” “Yujnıy Ural”a 4:2 hesabı ilə qalib gəlib. T.Rəcəbov qara fiqurlarla rusiyalı Aleksandr Ryazantsevlə heç-heçə oynayıb. Səkkiz oyundan 13 xal toplayaraq liderliyini davam etdirən “Ural” növbəti görüşünü “ŞSM” klubuna qarşı keçirəcək. Vüqar Həşimovun şərəfini qoruduğu “Şatar-Metropol”un “64” klubu ilə duelində isə 3:3 hesabı qeydə alınıb. Birinci lövhədə çıxış edən qrossmeysterimiz israilli Boris Qelfandla xalları yarı bölüb. Hesabında 10 xal olan və üçüncü pillədə qərarlaşan “Şatar-Metropol” bu gün “Yujnıy Ural”la oynayacaq. Şəhriyar Məmmədyarovun lideri olduğu “Spasio-Swis” “Ekonomist-SQSEU-2” klubu ilə heç-heçə oynayıb – 3:3. Həmyerlimiz birinci lövhədə rusiyalı həmkarı Dmitri Andreykinin müqavimətini qıra bilməyib. 9 xalla 9-cu pillədə qərarlaşan “Spasio-Swis” hesabat turu çərçivəsində “Tomsk-400” klubu ilə oynayacaq.
Qeyd edək ki, 12 komandanın dairəvi sistemlə mübarizə apardığı yarış aprelin 14-də başa çatacaq. Reqlamentə əsasən, ilk dörd yeri tutacaq klublar Avropa çempionatında çıxış etmək hüququ qazanacaq.
Qeyd edək ki, 12 komandanın dairəvi sistemlə mübarizə apardığı yarış aprelin 14-də başa çatacaq. Reqlamentə əsasən, ilk dörd yeri tutacaq klublar Avropa çempionatında çıxış etmək hüququ qazanacaq.
0
0