Avropa çempionatı, I gün. Azərbaycan cüdoçuları bir medal və iki lisenziya qazanıblar - YENİLƏNİB FOTOSESSİYA
11.04.2008 - 22:35
Avropa çempionatı, I gün. Azərbaycan cüdoçuları bir medal və iki lisenziya qazanıblar - YENİLƏNİB  FOTOSESSİYA
Maraqlıdır ki, hər iki təmsilçimiz ötən il Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş qitə birinciliyində göstərdikləri nəticələri təkrarlayıblar. Öncə 66 kq çəki dərəcəsində güləşən R.Qasımovun çıxışı barədə. Təcrübəli cüdoçu çempionata necə inamsız başmışdısa, eləcə də sona vurdu. İlk görüşdə həddən artıq yorğun nəzərə çarpan R.Qasımov macarıstanlı Miklos Unqvariyə əlavə vaxtda uduzdu. Debütdə həmyerlimizin ümumiyyətlə xal qazana bilməməsi isə əsas diqqətçəkən məqamlardan biri idi. Buna baxmayaraq, R.Qasımov təsəlliverici mərhələdə inamlı qələbələrə nail oldu. Cüdoçumuz hətta Filip Sarafovu (Makedoniya) ippon fəndinə saldı. Latviyalı Denis Kozlovu da turnirdən kənarlaşdıran “Neftçi” İdman-Sağlamlıq Mərkəzinin yetirməsi bürünc medala doğru daha bir addım atdı. Ancaq onun yolunu rusiyalı Alim Qadanov kəsdi. Rəqibinə qarşı fənd işlətmək istəyən yığmamızın üzvü əks fəndə düşdü.
R.Qasımovdan fərqli, Kifayət Qasımova (57 kq) fəxri kürsüyə yüksəlməyi bacardı. 25 yaşlı idmançı ardıcıllıqla Radmila Perisiç (Serbiya) və Yuliya Bezkoya (Estoniya) qalib gəldi. Yarımfinalda isə bəxt onun üzünə gülmədi. Avstriya nümayəndəsi Sabrina Filzmoseri açıq-aşkar üstələyən təmsilçimiz sona 5 saniyə qalmış qələbəni əldən verdi. K.Qasımova Avropa çempionu olmaq arzusunu gerçəkləşdirə bilməsə də, hər halda medalsız qalmadı. Üçüncü yer uğrunda görüşdə həmvətənimiz Culia Quintavalleni (İtaliya) vaxtından qabaq məğlub etdi. Xanım cüdoçumuz bürünc medalla bərabər, 500 avro məbləğində pul mükafatına da sahib çıxdı. Beləliklə, çempionatın ilk günündə K.Qasımova 3-cü, R.Qasımov isə 7-ci yeri tutdu. Və onların hər ikisi Pekindü keçiriləcək XXIX Yay Olimpiya Oyunlarında iştirak hüququna yiyələndilər.
Milli komandanın baş məşqçisi Ağayar Axundzadə günün yekunları ilə bağlı “APA-Sport” agentliyinə açıqlama verib. Çalışdırıcı bildirib ki, K.Qasımovanın daha yaxşı nəticə göstərmək imkanı olub: “Ancaq Kifayət iki həftə əvvəl çiyin nahiyəsindən zədə almışdı. Bu müddət ərzində güləşmirdi, yalnız yüngül məşqlər edirdi. Kifayətin medal qazanacağını gözləyirdim. Gördüyünüz kimi, o, Avropa çempionatının finalına da yüksələ bilərdi. Lakin yarımfinalda görüşün başa çatmasına bir neçə saniyə qalmış məğlubiyyətlə üzləşdi”. R.Qasımovun da çıxışına toxunan A.Axundzadə onu xaraktersizlikdə günahlandırıb: “Fikrimcə, Ramil xaraktersizlik ucbatından mükafatçılar sırasına düşə bilmədi. İdmanda güclə yanaşı, möhkəm xarakter də vacib amillərdən biridir. Ramildə isə xarakter çatışmır. Yarışdan sonra onu danladım və öz məsləhətlərimi verdim”. Baş məşqçi qalan idmançılarımızın da mükafatlar qazanacaqlarına inandığını vurğulayıb.
Qeyd edək ki, sabah Elnur Məmmədli (73 kq), Mehman Əzizov (81 kq) və Ramilə Usubova (63 kq) qüvvəsini sınayacaq. Elxan Məmmədovla (90 kq) Mövlud Mirəliyev (100 kq) isə Avropa çempionatının son günündə, yəni aprelin 13-də mübarizə aparacaqlar.


































0